Rusiyanın Vladiqafqaz şəhərində kriminal aləmdə “Zura Kaxetinets” ləqəbi ilə tanınan 49 yaşlı “qanuni oğru” Serqo Tsotsxalaşvili saxlanılıb.
Lent.az xəbər verir ki, gürcü əsilli kriminal avtoritet 2016-cı ildən federal axtarışda olub və 10 il ərzində hüquq-mühafizə orqanlarından gizlənib.
Məlumata görə, Tsotsxalaşvili Şimali Osetiyadan Gürcüstana qanunsuz keçərək orada gizlənməyi planlaşdırıb. O, 2016-cı ilin yanvarında Sankt-Peterburqdakı “Marrakeş” restoranında saxlanılarkən üzərindən narkotik vasitə aşkar edilib. Həmin cinayətə görə ona 3 il şərti həbs cəzası verilib.
Lakin sonradan şərti hökm ləğv olunaraq iş yenidən baxılması üçün məhkəməyə qaytarılıb. Bundan sonra Tsotsxalaşvili qaçaraq gizlənib və uzun illər ərzində onun yeri müəyyən edilməyib. Saxlanılan şəxsin yaxın vaxtlarda Sankt-Peterburqa aparılması gözlənilir.
Qeyd edək ki, Gürcüstanın Axmeta şəhərində anadan olan Serqo Tsotsxalaşvili 2014-cü ilin martında Türkiyədə mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən “tac”landırılıb.
Tsotsxalaşvili Lənkəranskinin klanına daxil olub. “Zura Kaxetinets” 2016-cı ildə Rövşən Canıyevin Türkiyədə güllələnərək qətlə yetirilməsindən sonra Rusiyada saxlanılıb.
Hadisələr kriminal xəbərlər kriminal hadisələr qanuni oğru kriminal avtoritetMənbə: lent.az