IMG-LOGO

Əmir Teymurun məzarının lənəti: Qəbir açıldıqdan bir gün sonra müharibə başladı

31 Oct 2026 17:28 2 baxış
IMG
0 0

Özbəkistanın Səmərqənd şəhərində yerləşən Gur-Əmir məqbərəsi əsrlərdir sirli əfsanələrlə əhatə olunub. Böyük sərkərdə Əmir Teymurun dəfn edildiyi bu məkan xüsusilə onun məzarına aid edilən lənət hekayəsi ilə turistlərin diqqətini çəkir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, XV əsr memarlığının nadir nümunələrindən sayılan məqbərə bu gün Özbəkistanın ən çox ziyarət edilən tarixi abidələrindən biridir.

Səmərqəndin mərkəzində yerləşən Gur-Əmir məqbərəsi məşhur Registan meydanından təxminən 15–20 dəqiqəlik piyada məsafəsindədir. Qızılı və firuzəyi rənglərlə bəzədilmiş günbəzi Teymurilər dövrünün əzəmətini əks etdirir.

Lakin məqbərəni məşhurlaşdıran təkcə memarlığı deyil, həm də 1941-ci ildə baş verdiyi deyilən müəmmalı hadisələrdir.

Məzarın üzərindəki qorxulu xəbərdarlıq

Əfsanəyə görə, Əmir Teymurun məzar daşının üzərində onun göstərişi ilə belə bir xəbərdarlıq həkk olunub:

“Mən ölülər arasından qalxanda dünya titrəyəcək”.

Rəvayətlərdə məzarın içərisində daha bir xəbərdarlığın olduğu bildirilir:

“Bu dünyada və ya o biri dünyada rahatlığımı pozan hər kəs əzab çəkəcək və məhv olacaq”.

1941-ci ilin iyununda sovet alimləri Əmir Teymurun məzarını açmaq qərarına gəliblər. Ekspedisiyada məşhur antropoloq Mixail Gerasimov da iştirak edib. Məqsəd sərkərdənin qalıqlarını araşdırmaq və onun həqiqi üz cizgilərini elmi üsullarla bərpa etmək olub.

İyunun 20-də məzarın açılması istiqamətində işlər aparılıb. Ekspedisiya iştirakçılarının sonrakı xatirələrinə əsaslanan rəvayətlərdə həmin gün Səmərqənddə güclü fırtına başladığı, məqbərənin içərisində isə qəribə, ağır atmosfer yarandığı bildirilir.

İyunun 21-də Əmir Teymurun qalıqları üzərindəki daş götürülüb.

Bundan cəmi bir neçə saat sonra, iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum edib.

Bu təsadüf sonradan “Əmir Teymurun lənəti” adlanan məşhur əfsanənin yaranmasına səbəb olub.

Lənət və Stalinqrad döyüşü arasında əlaqə varmı?

Rəvayətə görə, 1942-ci ildə müharibənin ən ağır dövrlərindən birində sovet rəhbərliyi Əmir Teymurun qalıqlarının yenidən məqbərəyə qaytarılmasını əmr edib.

Bundan sonra Stalinqrad döyüşündə Sovet İttifaqının xeyrinə dönüş baş verib.

Əfsanəyə inananlar bu hadisələr arasında mistik əlaqə olduğunu düşünürlər.

Lakin tarixçilər belə bir əlaqəni təsdiqləyən elmi sübutların olmadığını bildirirlər. Almaniyanın SSRİ-yə hücumu Əmir Teymurun məzarı açılmamışdan xeyli əvvəl hazırlanmış “Barbarossa” planına əsasən həyata keçirilib.

Buna baxmayaraq, məzarın açılması ilə müharibənin başlanması arasındakı zaman yaxınlığı bu əfsanəni bu günə qədər yaşadıb.

Dünyanın ən məşhur məqbərələrindən biri

Gur-Əmir təkcə mistik hekayələri ilə deyil, memarlıq əhəmiyyəti ilə də seçilir.

Məqbərənin memarlıq üslubunun Hindistandakı məşhur Tac-Mahal və Dehlidə yerləşən Humayun məqbərəsi kimi tarixi abidələrə təsir göstərdiyi bildirilir.

Son illərdə aparılan bərpa və işıqlandırma işləri nəticəsində məqbərənin görünüşü daha da möhtəşəm hala gətirilib. Gecələr işıqlandırılan günbəz şəhərin əsas turistik simvollarından birinə çevrilib.

Səmərqənddə daha bir müqəddəs məkan

Səmərqənddən təxminən 25 kilometr məsafədə, Xartəng kəndində İslam dünyasının görkəmli alimlərindən biri olan İmam Məhəmməd əl-Buxarinin məzarı yerləşir.

810–870-ci illərdə yaşamış alim hədis elminin ən nüfuzlu nümayəndələrindən hesab olunur.

Onun hazırladığı “Səhih əl-Buxari” hədis toplusu sünni İslam ənənəsində Qurandan sonra ən mötəbər dini mənbələrdən biri sayılır.

İmam Buxarinin məzarı üzərindəki memorial kompleks 1998-ci ildə inşa edilib və sonrakı illərdə bir neçə dəfə yenilənib.

Kompleksə məqbərə, məscid, nadir əlyazmaların saxlanıldığı kitabxana, mədrəsə, bağlar və fəvvarələr daxildir.

Hazırda bu məkan həm zəvvarların, həm də Özbəkistana səfər edən turistlərin ən çox ziyarət etdiyi dini-tarixi abidələrdən biridir.

Teymurləng İkinci Dünya mühariəsi Əmir Teymurun məzarı dünyadan xəbərlər Əmir Teymur

Mənbə: lent.az

Xəbər lenti