Azərbaycançılıq ideologiyası müstəqil dövlətçiliyin əsas dayaqlarından biridir. Bu ideologiya bizi birləşdirən milli dəyərləri, dili, tarixi və mədəniyyəti özündə ehtiva edir.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, milli birliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından azərbaycançılıq ideologiyası xüsusi əhəmiyyət daşıyır:
"Müasir dövrdə dünyada baş verən sürətli dəyişikliklər bu ideologiyanın daha da inkişaf etdirilməsini zəruri edir. Bunun üçün ilk növbədə gənclərin milli-mənəvi dəyərlərə bağlılığı gücləndirilməlidir. Tariximiz, mədəniyyətimiz və dövlətçilik ənənələrimiz gənc nəslə daha düzgün və müasir üsullarla çatdırılmalıdır.
Eyni zamanda, rəqəmsal informasiya məkanında milli maraqlarımızın qorunması vacibdir. Sosial şəbəkələrdə yayılan yanlış məlumatlara qarşı maarifləndirmə işi gücləndirilməlidir. Milli kimliyimizi və dəyərlərimizi təbliğ edən keyfiyyətli məzmunların hazırlanmasına xüsusi diqqət yetirilməlidir".
M. İbrahimqızı hesab edir ki, azərbaycançılıq ideologiyası yalnız keçmişə bağlılıq deyil, həm də gələcəyə baxışdır:
"Biz milli dəyərlərimizi qorumaqla yanaşı, müasir dünyanın yeniliklərini də mənimsəməliyik. Əsas məqsədimiz milli kimliyini dərk edən, dövlətinə bağlı, dünyada baş verən prosesləri anlayan və ölkəmizin inkişafına töhfə verən vətəndaşlar yetişdirmək olmalıdır".
Mənbə: report.az