İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Keşm adası üzərində daha bir ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb.
"Report" xəbər verir ki, hərbçilərin bəyanatını İranın dövlət teleradio şirkəti IRIB yayıb.
"ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatı SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemlərinin köməyi ilə Keşm adası üzərində vurulub. Beləliklə, aparat artıq ikinci dəfə SEPAH-ın elit bölmələrinin əlinə qənimət kimi keçib", – məlumatda bildirilib.
Cümə axşamı SEPAH Hörmüz boğazının qərb hissəsində ABŞ-yə məxsus MQM-170 pilotsuz uçuş aparatının idarəetməsini ələ keçirdiyini bildirmişdi.
Həmin vaxt ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı yalan adlandırmışdı.
Mənbə: report.az