IMG-LOGO

Çuğundur və qırmızı lobya ilə dadlı salat RESEPTİ

30 Oct 2026 16:29 2 baxış
IMG
10 0

Həm büdcəyə uyğun, həm də faydalı olan bu salat doyumlu və olduqca ləzzətlidir. Çuğunduru əvvəlcədən bişirib, lobyanı qaynadaraq hazırlasanız, axşam yeməyi üçün salatı cəmi bir neçə dəqiqəyə süfrəyə verə bilərsiniz.

Lent.az çuğundur və qırmızı lobya ilə hazırlanan dadlı salatın reseptini təqdim edir:

Lazım olan ərzaqlar

- Çuğundur - 2 ədəd

- Qaynadılmış qırmızı lobya - 1 stəkan

- Alma - 1 ədəd

- Təzə şüyüd - zövqə görə

Sous üçün

- Bitki yağı - 2-3 xörək qaşığı

- Alma sirkəsi - 1 xörək qaşığı

- Bal - 1 çay qaşığı

- Üyüdülmüş qara istiot - zövqə görə

- Duz - zövqə görə

Hazırlanma qaydası

Əvvəlcə çuğundurları yaxşıca yuyun və kağız dəsmalla qurulayın. Daha sonra folqaya bükərək əvvəlcədən 200 dərəcəyə qədər qızdırılmış sobada 40-50 dəqiqə, tam yumşalana qədər bişirin. Bişmiş çuğundurları soyudun və Koreya yerköküsü üçün nəzərdə tutulan sürtgəcdən keçirin.

Qırmızı lobyanı soyuq suda 10-12 saat saxlayın. Daha sonra suyunu süzün, lobyanı yuyun və qazana yerləşdirin. Üzərinə yenidən soyuq su əlavə edib qaynadın. Qaynayan zaman yaranan köpüyü götürün və lobya tam bişənədək təxminən 50–60 dəqiqə bişirin. Lazım gələrsə, bişirmə müddətini uzadın. Hazır lobyanın suyunu süzün və soyumasını gözləyin. Almanın tumlu hissəsini çıxarın və kiçik kub formasında doğrayın. Şüyüdü isə xırda-xırda doğrayın.

Sousu hazırlamaq üçün ayrıca qabda bitki yağı, alma sirkəsi və balı qarışdırın. Üzərinə üyüdülmüş qara istiot və duz əlavə edib yaxşıca qarışdırın. Salat qabına sürtgəcdən keçirilmiş çuğunduru, qaynadılmış qırmızı lobyanı, doğranmış almanı və şüyüdü əlavə edin. Hazırladığınız sousu üzərinə gəzdirin və bütün ərzaqları ehtiyatla qarışdırın.

Nuş olsun!

 

Mətbəx salat resepti çuğundur lobya

Mənbə: lent.az

Xəbər lenti