Azərbaycan və Özbəkistan kibertəhlükəsizlik riskləri, maliyyə risklərinin idarə edilməsi, qiymətləndirmə metodologiyaları və institusional yanaşmaları müzakirə edib.
Bu barədə "Report"a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, bununla bağlı müzakirələr Bakıda AMB-nin və Özbəkistan Mərkəzi Bankı nümayəndə heyəti arasındakı görüşdə aparılıb.
Məlumata görə, Özbəkistan Mərkəzi Bankı nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən görüşlərdə strateji və əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, əsas risk indikatorlarının (KRI) tətbiqi, risklərin və nəzarət mexanizmlərinin özünüqiymətləndirməsi (RCSA), idarəetmə, risk və komplayens proseslərinin əlaqələndirilməsi (GRC) üzrə ölkə təcrübəsi təqdim olunub.
"Bundan əlavə, modellərdən istifadə ilə bağlı risklərin idarə edilməsi, informasiya texnologiyaları və kibertəhlükəsizlik riskləri, maliyyə risklərinin idarə edilməsi, qiymətləndirmə metodologiyaları və institusional yanaşmalar ətrafında müzakirələr aparılıb", - AMB-dən bildirilib.
Mənbə: report.az