IMG-LOGO

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda sürpriz komanda yoxdur, amma sürpriz nəticələr var"

30 Oct 2026 15:55 2 baxış
IMG

Azərbaycan Kubokunda sürpriz komanda olmasa da, sürpriz nəticələr qeydə alınıb.

Bunu "Report"a açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov deyib.

O, turnirin keçirilmə formatının idmanın inkişafına müsbət təsir göstərdiyini bildirib:

"Azərbaycan Kubokunun oyunları hazırda maraqlı keçir. Aşağı liqaların və Premyer Liqa klublarının bir-biri ilə qarşılaşması yarışa xüsusi maraq qatır. I və II liqalarda keyfiyyətli futbolçular, maraqlı komandalar var. Mübarizə aparırlar, futbol oynamağa çalışırlar. Bu, futbolumuzun və region klublarının inkişafı üçün böyük təkan rolunu oynayır".

T.Əhmədov turnirdə gözlənilməz nəticələrin qeydə alındığını vurğulayıb:

"Turnirdə sürpriz komanda yoxdur, lakin sürpriz nəticələr var. Peşəkar liqalarda çıxış edən kollektivləri sürpriz komanda adlandırmaq olmaz. Lakin nəticə baxımından gözlənilməz məqamlar yaşandı. Məsələn, "Şahdağ Qusar"ın səfərdə MOİK-ə 9:1 hesabı ilə qalib gəlməsi sürpriz nəticə idi. "Sumqayıt"ın "Kür-Araz"ı 11:0 hesabı ilə üstələməsi isə sürpriz sayılmır, çünki komandalar arasında səviyyə və futbolçu keyfiyyəti baxımından fərq böyükdür".

Azərbaycan millisinin sabiq kapitanı kubok qarşılaşmalarının futbolçular üçün özlərini göstərmək baxımından əhəmiyyətli olduğunu qeyd edib:

"Çempionatda yalnız eyni liqanın komandaları qarşılaşır, kubokda isə bütün liqa təmsilçiləri bir-biri ilə üz-üzə gələ bilir. Bu yarış aşağı liqalarda oynayan futbolçuların gündəmə gəlməsi, potensiallarını açması və inkişaf etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu da regional futbolun inkişafına böyük dəstəkdir".

Mənbə: report.az

Xəbər lenti