IMG-LOGO

Uşaq həkimdən qorxursa, bu ifadələri işlətməyin

23 Sep 2026 10:37 2 baxış
IMG
39 0

Uşaqların həkimdən qorxması geniş yayılmış haldır. Belə vəziyyətdə valideynlərin işlətdiyi bəzi ifadələr uşağın narahatlığını azaltmaq əvəzinə daha da artıra bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə “heç ağrımayacaq”, “həkim sadəcə baxacaq” “ağlasan, səni burada qoyaram” kimi ifadələrdən istifadə etmək tövsiyə olunmur. Çünki uşaq deyilən sözlə sonrakı hadisə arasında fərq görəndə valideynə olan inamı zəifləyə bilər.

Uşağa nə demək olar?

Mütəxəssislər daha dürüst və konkret ifadələrdən istifadə etməyi məsləhət görürlər. Məsələn, “bir az xoşagəlməz ola bilər, amma tez keçəcək”, “ağlaya bilərsən, bu normaldır”“mən sənin yanında olacağam” kimi cümlələr uşağın özünü daha təhlükəsiz hiss etməsinə kömək edə bilər. Qeyri-müəyyənlik çox vaxt uşağı ağrının özündən daha çox qorxudur.

Həkimə getməzdən əvvəl necə hazırlamaq olar?

Uşağı həkim qəbuluna 2-3 gün əvvəl hazırlamaq məsləhətdir. Evdə “həkim oyunu” oynamaq faydalı ola bilər. Məsələn, oyuncaq ayı xəstə, uşaq isə həkim rolunda ola bilər. Həkim kabinetində uşağı danlamaq və ya utandırmaq düzgün deyil. Onun əlindən tutmaq, narahatlığı çoxalarsa qısa fasilə vermək daha yaxşı yanaşmadır.

Uşaq həkimi görəndə ağlayırsa nə etmək lazımdır?

Uşağı danlamaq əvəzinə qucağa almaq və lazım gələrsə bir neçə dəqiqəlik kabinetdən çıxmaq olar. Əgər uşaq sakitləşmirsə və vəziyyət buna imkan verirsə, həkim qəbulunun başqa vaxta keçirilməsi də nəzərdən keçirilə bilər.

İynəyə necə hazırlamaq olar?

İynə vurulmazdan əvvəl oyuncaq üzərində bunu oyun şəklində göstərmək mümkündür. Uşağa hissin qısa müddətli olacağını izah etmək, birlikdə nəfəs məşqi etmək və prosedurdan sonra onu qucaqlamaq tövsiyə olunur.

Əsas prinsip uşağı aldatmamaq, qorxutmamaq və həkimə getməzdən əvvəl nə baş verəcəyini yaşına uyğun şəkildə izah etməkdir.

Uşaq qorxu həkim

Mənbə: lent.az

Xəbər lenti