IMG-LOGO

Dünyanı bürüyən gizli dəhşət: 57 milyondan çox insanda var

22 Sep 2026 21:21 2 baxış
IMG
0 0

Dünya üzrə 57 milyondan çox insan demensiya ilə yaşayır.

Lent.az xəbər verir ki, bu rəqəmin 2050-ci ilə qədər 139 milyona çatacağı proqnozlaşdırılır.

Dünya “Alzheimer Günü” ilə əlaqədar yayımlanan məlumatlara görə, dünyada 57 milyondan çox insan demensiyadan əziyyət çəkir. Hər il təxminən 10 milyon yeni demensiya halı qeydə alınır.

Demensiya yaddaş, düşüncə, davranış və gündəlik fəaliyyətləri yerinə yetirmək qabiliyyətinin pozulmasına səbəb olan xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, xəstəliyin 2030-cu ildə 78 milyon, 2050-ci ildə isə 139 milyon insana təsir edəcəyi təxmin edilir.

Demensiya hallarının 60–70 faizini “Altsheymer” xəstəliyi təşkil edir. Bu xəstəlik yaddaşa, düşünmə, istiqaməti müəyyənləşdirmə, anlama, hesablama, öyrənmə, dil və mühakimə qabiliyyətlərinə təsir göstərə bilər.

Bildirilir ki, xəstəlik ilk dəfə 1906-cı ildə alman psixiatr və patoloq Alois Altsheymer tərəfindən təsvir edilib.

Demensiyanın tam müalicəsi olmasa da, xəstəlik riskinin 45 faizə qədərinin qarşısı alına və ya gecikdirilə bilən risk faktorları ilə əlaqəli olduğu bildirilir.

Tütün və alkoqoldan istifadə, sosial təcrid, fiziki hərəkətsizlik, hava çirkliliyi, yüksək qan təzyiqi və diabet demensiya ilə əlaqəli risk faktorları sırasındadır.

Demensiya dünyada əsas ölüm səbəblərindən biri hesab olunur. Xəstəlik barədə məlumatlılığı artırmaq məqsədilə hər il sentyabrın 21-də Ümumdünya “Altsheymer Günü” ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

Adətən 65 yaşdan yuxarı insanlarda rast gəlinən demensiya yaddaş pozuntuları, məkan və istiqamət hissinin zəifləməsi, şəxsiyyət dəyişiklikləri ilə özünü göstərə bilər. Lakin xəstəlik gənclərdə də müşahidə oluna bilər.

 

Demensiya

Mənbə: lent.az

Xəbər lenti