Hadisə şahidləri bildirirlər ki, bir neçə təcili yardım maşını Rostov istintaq təcridxanasının ərazisinə daxil olub.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hələlik atışma səsləri kəsilib.
***
12:45
Rostov şəhərində istintaq təcridxanasında əməkdaşların əsir götürüldüyü ərazidə atışma səsləri eşidilib.
Lent.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
***
11:45
Rostov şəhərində istintaq təcridxanasında girov götürənlər müxtəlif kameralarda saxlanılsa da, onlar arasında əlaqə olub.
Lent.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Rostovda 1 saylı istintaq təcridxanasında işçiləri girov götürülməyə bir neçə ay idi ki, hazırlıq gedirmiş. Rostov istintaq təcridxanasında girov götürənlərin hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.
***
11:27
Rostov İstintaq Təcridxanasında girov götürənlər avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Baza telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün Rostov şəhərində yerləşən 1 saylı İstintaq təcridxanasında cəza çəkən beş nəfər İŞİD üzvü təcridxananın iki əməkdaşını girov götürüb.
Sosial şəbəkələrdə əllərində bıçaq və İŞİD-in simvolikası, bayrağı olan şəxslərin video görüntüləri yayılıb.
Rusiya mətbuatı girov götürənlərin kimliyini artıq açıqlayıb. Məlum olub ki, həmin şəxslər Karaçay Çərkəz Reapublikasının ərazisində terror aktı törətməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilən Akiyev Şamil, Qiriyev Tamerlan Tsiskiyev Azamatdır. Onların hər üçün hər üçünün İnquşetiya sakini olduğu bildirilib.
***
10:58
Rostov istintaq təcridxanasında üsyan edən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, altıncı şəxsin kimliyi hələ müəyyən edilməyib.
Məlum olub ki, onlar 2023-cü ilin dekabrında İŞİD-din tərkibində döyüşdükləri üçün mühakimə ediliblər. Həmin şəxslər terror aktı hazırlamaqda (onlar Qaraçay-Çərkəz Respublikası Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırıblar) ittiham ediliblər. Saxlanılan şəxslər 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd olunur ki, məhkumlar istintaq təcridxanasındakı kamerada pəncərə barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar. Orada işçiləri girov götürüblər.
***
10:20
Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb. Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.