Süni intellekt texnologiyalarının sürətli inkişafı ilə bağlı narahatlıqlar artır.
Lent.az xəbər verir ki, “Claude” süni intellekt sisteminin təsisçisi “Anthropic” şirkətinin baş direktoru Dario Amodei sahənin inkişaf tempinin şüurlu şəkildə yavaşladılmasının vacib olduğunu bildirib.
“OpenAI” şirkətinin baş direktoru Sam Altman da bu fikri dəstəkləyərək qabaqcıl süni intellekt texnologiyalarının inkişaf sürətinin nəzarətli şəkildə tənzimlənməsinin vacib olduğunu deyib.
Amodeinin sözlərinə görə, süni intellekt insanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla yanaşı, ciddi risklər də yarada bilər. Bu risklər arasında süni intellekt sistemləri üzərində nəzarətin itirilməsi, texnologiyanın kiberhücumlar və bioterrorizm məqsədilə istifadəsi, eləcə də ciddi iqtisadi pozuntuların yaranması qeyd olunur.
Amodei bildirib ki, süni intellekt modellərinin imkanlarının inkişaf etdirilmə sürəti yavaşladılmalıdır. Onun fikrincə, bu, texnoloji tərəqqini dayandırmayacaq, əksinə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün əlavə vaxt qazandıracaq. O, süni intellektin özünü dinamik şəkildə təkmilləşdirmək imkanının insanın bu sistemləri anlama və idarə etmək qabiliyyətini üstələyə biləcəyini vurğulayıb.
Amodei daha ciddi ssenari ilə bağlı da xəbərdarlıq edib. O bildirib ki, süni intellekt agentlərinin nəzarətdən çıxması halında 6-12 ay ərzində onların daimi botnet vasitəsilə bütün interneti ələ keçirmək və yüz milyardlarla dollar həcmində zərər vurmaq imkanına çatmasından narahatdır.
Sam Altman də Amodeinin fikirləri ilə razılaşdığını açıqlayıb. O bildirib ki, qabaqcıl texnologiyaların inkişaf tempinin nəzarətli şəkildə tənzimlənməsi ilə bağlı yanaşmanı dəstəkləyir. Altman həmçinin “OpenAI” şirkətinin müstəqil qiymətləndiricilərlə işləmək və onların şirkət əməkdaşlarına bənzər səviyyədə sistemlərə çıxış imkanına malik olması təcrübəsini tətbiq edəcəyini açıqlayıb.
süni intellekt
Mənbə: lent.az