IMG-LOGO

Uşaqda nitq inkişafının ləngiməsi - Valideynlər nə etməlidir?

08 Sep 2026 16:51 2 baxış
IMG
50 0

Bir çox valideyn düşünür ki, uşaq gec-tez özü danışmağa başlayacaq. Lakin mütəxəssislərin yanaşmasına görə, üç yaşında uşağın aktiv söz ehtiyatı 50 sözdən azdırsa və iki sözdən ibarət sadə ifadələr qura bilmirsə, artıq mütəxəssisə müraciət etmək üçün əsas var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mənbədə üç yaş üçün 300-1000 söz və “su ver” kimi sadə ifadələr göstərici kimi təqdim edilir. Nitq inkişafının ləngiməsinin uşağın intellektinin zəif olması demək olmadığı, lakin vaxtında müdaxilə edilmədikdə yaddaş, diqqət və sosiallaşmaya təsir göstərə biləcəyi vurğulanır.

Vaxt itirməmək vacibdir

Nitq inkişafında ləngimə ömürlük hökm kimi qəbul edilməməlidir. Uşaq beyninin plastikliyi inkişafı dəstəkləməyə imkan verir. Məqalədə gecikmə müşahidə ediləndə nevroloq, eşitmə üzrə mütəxəssis və loqoped qiymətləndirməsinin vacibliyi qeyd olunur.

Evdə televizoru fon kimi açıq saxlamayın

Məqalədə valideynlərə uşağın yanında televizor və digər fon səslərini azaltmaq tövsiyə edilir. Nitqi hələ tam formalaşmayan uşağın müxtəlif səslər arasından danışığı ayırd etməsi daha çətin ola bilər. Uşaqla danışarkən uzun və fasiləsiz cümlələr əvəzinə “Gəzməyə gedirik”, “Budur gödəkçə” kimi qısa ifadələrdən istifadə etmək və hər ifadədən sonra uşağa reaksiya verməsi üçün vaxt ayırmaq tövsiyə olunur. Həmçinin “bip-bip”, “nyam-nyam” kimi sözlərin əvəzinə əşyaların düzgün adlarını işlətmək məsləhət görülür.

Uşağı “de, təkrar et” deyə məcbur etməyin

Uşaqdan eyni sözü dəfələrlə təkrarlamağı tələb etmək onun danışmağa həvəsini azalda bilər. Bunun əvəzinə nitqi oyun vasitəsilə stimullaşdırmaq təklif edilir. Məsələn, sevdiyi oyuncağı qutuya qoyub onu istəməsinə şərait yaratmaq olar. Əvvəlcə jest və ya səs, daha sonra söz və ifadə ilə istəyini bildirməsinə imkan verilir.

Uşaq sözü səhv tələffüz etdikdə onu tənqid etmək əvəzinə valideyn həmin sözü düzgün formada özü təkrar edə bilər. Hər bir danışmaq cəhdinin müsbət qarşılanması tövsiyə olunur.

Valideynlərin uşağın yeni sözlərini və reaksiyalarını qeyd etdiyi kiçik gündəlik aparması da faydalı üsul kimi göstərilir. Bu, bir neçə həftə və ya ay ərzində baş verən dəyişiklikləri daha aydın görməyə imkan verir.

“Oğlan uşaqları gec danışır” deyib gözləmək olarmı?

Mənbədə oğlanlarda nitq inkişafının orta hesabla bir qədər gec ola biləcəyi bildirilsə də, bunun üç yaşında nitqin demək olar ki, olmamasını gözardı etmək üçün əsas olmadığı vurğulanır. Uşaq üç yaşında yalnız “ana”, “ver” kimi bir neçə söz deyirsə, dörd yaşına qədər gözləmək tövsiyə edilmir.

Nitq inkişafının ləngiməsi bəzi uşaqlarda zamanla azala bilər. Bununla belə, hansı uşağın müdaxiləsiz irəliləyiş göstərəcəyini əvvəlcədən müəyyənləşdirmək mümkün olmadığı üçün vaxtında qiymətləndirmə və loqoped dəstəyi daha təhlükəsiz yanaşmadır.

Uşaq nitq inkişafı uşaqlarda nitq loqoped

Mənbə: lent.az

Xəbər lenti