IMG-LOGO

Söyüdlər saçını yolmasın, elini sevənlər getməsin

08 Sep 2026 13:00 2 baxış
IMG
1 0

Vağzalda bitən söyüdlər

İnsanın vicdanı ağrıyardımı? Bəli, ağrıyarmış. Vicdanın ruhda, qəlbdə, yoxsa beyində yaşadığını mən də dəqiq bilmirəm. Bu duyğunu daşıyanlar vicdanın necə ağrıdığını yaxşı bilirlər.

Xoşbəxtlikmi deyim, yoxsa bədbəxtlikmi, bilmirəm. İllər əvvəl vicdan ağrısından xəstələnmiş, üç gün yataqdan qalxa bilməmişdim. Xoşbəxtlik onda idi ki, vicdanın insanı necə sarsıda biləcəyini bütün varlığımla hiss etmişdim. Bədbəxtlik isə bu ağrının mənim günahımdan deyil, başqalarının səbəb olduğu hadisələrdən doğması idi.

Aradan uzun illər keçib. Təəssüf ki, danışacağım problem nə aradan qalxıb, nə də aktuallığını itirib. Əksinə, qar topası kimi böyüyərək minlərlə insanın taleyinə toxunub. Mən sadəcə yazdığım məqalə ilə bir ürəyin yarasının qaysağını qoparmışdım. O, “Niyə yaramı deşdin?” deyə soruşmuşdu. Bu sualla içimə yıxılmışdım.

Qəhrəmanım mənim qonşumdur. İmkanım olsa, mən onun adını Həsrət qoyardım, amma adı Güntəkindir.

— Mən gedirəm, Güntəkin.

— Hara gedirsən, Elsevər?

— Rusiyaya. Bir az pul qazanım, gəlib səni atandan yenə istəyəcəyəm. Kasıba qız vermirlər.

— Nə vaxt qayıdacaqsan?

— Nə vaxt çoxlu pulum, evim, maşınım olsa, onda.

— Bəs bütün bunlar nə vaxt olacaq? Biz qocalanda? Mən səni bütün bunlar olmadan da istəyirəm.

— Ailən istəmir, gülüm. Gecə-gündüz çalışıb, qazanıb geri dönəcəyəm.

— Axı ora gedənlərin çoxu qayıtmır. Elsevər, getmə.

— Sən gözlə, mən gələcəyəm.

Bu söhbət bir qərinə öncə iki 20 yaşlı gənc arasında baş tutmuşdu. Orta məktəb illərindən birlikdə böyüyüb bir-birinə bağlanmış bu gəncləri 90-cı illərin xaosu, işsizlik və imkansızlıq ayrı salmışdı. Elsevər gedib bir daha geri dönməmişdi. O gündən bütün taleyi “Gözlə, gələcəyəm” kəlməsindən asılmışdı. Güntəkin onu yola saldığı həmin dəmiryol vağzalında söyüd ağacı kimi bitib qalmış, saçları salxım söyüdün Məcnun saçlarına qarışmışdı. Gözləyə-gözləyə adı Dəli Güntəkinə çıxmışdı. Vağzalda gələndən-gedəndən Elsevəri soraqlaşa-soraqlaşa keçmişdi ömrü.

Elsevəri yer uddu, göy aldı, bilən olmadı. Qazanc dalınca yad ellərə üz tutan minlərlə kişinin taleyini yaşadı o da. Getdi və dönmədi.

Güntəkin isə minlərlə azərbaycanlı qadının taleyinə şərik oldu. Əri Rusiyaya çörək pulu qazanmağa getmiş, üç-beş ildən bir qonaq kimi, yad kimi gələn, evinin üstündə adı qalsa da, özü olmayan kişilərin yolunu gözləyən qadınlardan birinə çevrildi. Bir üzü qız, bir üzü gəlin, ömrünü ümidlə, intizarla keçirən, gözləmək həyat tərzinə çevrilmiş qadınlardan birinə...

Nağıllarda deyərdilər: “Qarşıda üç yol vardı, biri gedər-gəlməz...”

Elsevərlərin gediş marşrutu bu gün məhz Rusiya olmasa da, yenə gedirlər. Yenə yaxşı həyat, yaşamaq naminə Polşaya, Kanadaya, Türkiyəyə, Almaniyaya qaçırlar... Bu dəfə gedənlər yalnız fəhləlik üçün gedən imkansızlar deyil. İşıqlı beyinlərimiz də sərhədlərin o tayına axır.

Gənclər niyə xaricə getmək arzusu ilə yaşayırlar? Səbəbləri hamı bilir: yüksək gəlir, daha sabit iş bazarı, karyera perspektivləri, o cümlədən keyfiyyətli təhsil, beynəlxalq təcrübəyə yiyələnmək imkanı, fərqli mədəniyyətləri tanımaq istəyi, yüksək həyat standartları, hüquqi və institusional mühit... İndi bir çoxları yuxarıda sadaladıqlarıma asanlıqla nail olmaq üçün əcnəbi vətəndaşla evliliyi ən əlverişli üsul hesab edir. Duyğulardan uzaq hesab evliliyi.

Məncə, “Gənclər niyə gedir?” sualından daha vacib sual “Gənclərin qalmaq üçün nəyə ehtiyacı var?” sualıdır.

Xaricdə dövlət hesabına təhsil alan gənclərin geri qayıtmaması məsələsi də var. Könüllü dönmələri üçün yaxşı şərait varmı? Əlbəttə, bu məsələnin yaxşı bir tərəfi budur ki, Azərbaycanı xaricdə savadlı, mədəni və ziyalı insanlar təmsil edirlərsə, bu da ölkə üçün dəyərdir. İllər boyu Rusiyada azərbaycanlı obrazı çox vaxt bazarda meyvə və ya gül satan insan kimi təqdim olunurdu. Halbuki həmin ölkədə elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, iqtisadiyyata və digər sahələrə mühüm töhfələr vermiş minlərlə azərbaycanlı ziyalı yaşayır və fəaliyyət göstərir. Təəssüf ki, onların uğurları haqqında az danışılır.

Əsas məsələ gənclərin xaricə getməsi deyil, onların hansı səbəblərdən getməsidir. Çünki problem təkcə ölkəni tərk edən insanlarla deyil, həm qalanların taleyi, həm də itirilən imkanlarla bağlıdır.

Qloballaşan dünyanın, yüksək texnologiyaların və sərhədsiz informasiya imkanlarının formalaşdırdığı müasir gənclik daha böyük fürsətlər axtarışındadır. Gedən gənclərin əksəriyyəti öz potensiallarını daha yaxşı reallaşdıra biləcəklərinə inandıqları üçün bu addımı atırlar.

Onlar sabahlarını daha inamla qura biləcəkləri bir mühit axtarırlar. Onlar sözlərinin eşidiləcəyinə, əməyin qohumluq əlaqələri və ya kiminsə himayəsi ilə deyil, bacarıq və zəhmətə görə qiymətləndiriləcəyinə inanmaq istəyirlər.

Bəs həmin ümidi niyə öz gəncliyimizə burada, indi verməyək? Bizim gənc yaxşı yaşamaq üçün niyə yaşlanmağı gözləməlidir? Niyə vətənini tərk edib səadəti başqa yerlərdə axtarmalıdır?

Azərbaycan gənci bilir ki, “yekə” məmur qohumu olan, ondan üstün vəzifədəki biri qocalıqdan kreslosunda mürgüləsə də, ölənə qədər mövqeyini tərk etməyəcək. O gənc hər nə qədər beynini yorub parlaq ideyalar ortaya qoysa da, tərifi, alqışı müdirin sevimlisi, yaxınları eşidəcək. Bir layihə, bir ixtira hazırlayanda görməzdən gəlinəcək, güləcəklər, “İşin-gücün qurtarıb?” deyib keçəcəklər. Ən yaxşı halda “yekə”lərdən kimsə o layihəyə öz adını da pərçim edib, öz adından haradasa təqdim edəcək. Halbuki eyni layihəni onun xaricdəki həmyaşıdı təqdim etsə, həm maddi, həm də mənəvi dəstək alardı.

Azərbaycan gənci, sabahın kişisi yaxşı bilir ki, evlənmək istəyəndə də problem yaşayacaq, qız evindən şəhərin yaxşı yerində ev, maşın, vəzifə, pul tələbi eşidəcək. Bütün bunları əldə etmək üçün gecə-gündüz yol gedəcək, amma bir qarış irəliləyə bilməyəcək, yerində addımlayacaq. Haqsızlıqlara dözməyi öyrəndikcə, arzularını təxirə saldıqca onun içindəki gənclik ruhu da yavaş-yavaş yorulur. Bir gün baxıb görür ki, artıq o, əvvəlki həvəsli, böyük planları olan gənc deyil. Həyatı səhər işə tələsmək, axşam yorğun halda evə qayıtmaq və sabah üçün yenidən eyni mübarizəyə hazırlaşmaqdan ibarət monoton bir dövrə çevrilib.

Bütün il boyu çalışan, zəhmət çəkən, amma istirahət vaxtı gələndə uzaqbaşı ata-baba yurduna bir neçə günlük getməyə gücü çatan insanlara çevrilirik. Bəlkə də gəncliyin bir qismi məhz bu mənzərəni gördüyü üçün özünə çıxış yolları axtarır.

Bölgələrdə yaşayan gənclərin qarşılaşdığı çətinliklərin üzərinə bir problem də əlavə olunur: sosiallaşmaq və özünü inkişaf etdirmək imkanlarının məhdudluğu. Ömrün ən qaynar, ən məhsuldar çağında gənclərin bir araya gələ biləcəyi, fikir mübadiləsi aparacağı, yaradıcılıqla məşğul olacağı məkanlar azalıb.

Bir vaxtlar hər kənddə, hər rayon mərkəzində fəaliyyət göstərən klubların, mədəniyyət evlərinin çoxunun bu gün yalnız adı qalıb. Bəzi binalar təmir olunsa da, qapısı rayona vacib qonaqlar gələndən-gələnə açılır.

Şəhərə axın, bölgələrdə məşğulluq imkanlarının məhdudluğu kəndlərin tədricən boşalmasına gətirib çıxarıb. Bu gün bir çox kəndlərin əsas sakinləri yaşlı insanlar və taleyini doğma yurda bağlamış qızlar, qadınlardır.

Oğlanlar heç olmasa çörək pulu qazanmaq, iş tapmaq ümidi ilə başlarını götürüb başqa yerlərə gedə bilirlər. Qızların yolu isə çox vaxt daha çətin olur. Onlar kənddən əsasən təhsil almaq üçün çıxa bilirlər. Əgər bu imkan da yoxdursa, evdə oturub bir gün qismətlərinin açılacağını gözləyirlər.

Beləcə, ömrünün ən gözəl çağında bir çox gənc boşalmış, gözdən uzaq kənddə arzuları ilə reallıq arasında sıxılıb qalır. Şəhərə getsə belə, qarşısında açılan imkanlar məhdud olur. Onun asanlıqla tapa biləcəyi işlərin böyük qismi kafe və restoranlarda xidmət sahəsi ilə məhdudlaşır. Halbuki bu gənclərin də bacarığı, arzuları, öyrənmək və inkişaf etmək istəyi var. Sadəcə, onları üzə çıxarmaq, imkanlar yaratmaq lazımdır.

Gənclik cəmiyyətin ən böyük hərəkətverici qüvvəsidir. Onun biliyi, bacarığı, enerjisi və əməyi ölkəmizin bu günü ilə yanaşı, sabahını da formalaşdırır. Buna görə də gənclərə sadəcə ümid kimi baxmaq kifayət deyil, onların potensialını reallaşdırmaları üçün real imkanlar yaradılmalıdır.

Bəs bunun üçün hansı şərait lazımdır?

Gənclər öz bilik və bacarıqlarını ədalətli rəqabət mühitində nümayiş etdirə bilməlidirlər. Layiqli məşğulluq imkanları, peşəkar inkişaf üçün əlçatan mühit, elmə və innovasiyaya dəstək, sahibkarlıq təşəbbüslərinin təşviqi, yaradıcı ideyalara açıq platformalar və gənclərin qərarların qəbulunda iştirakına şərait yaradan mexanizmlər vacibdir.

Gənclərə dəyər vermək yalnız onlar haqqında danışmaq deyil, onların qarşısında yeni qapılar açmaq, zəhmətinin qiymətləndirildiyi, istedadının inkişaf etdirildiyi və öz gələcəyini ölkəsində quracağına inandığı bir mühit formalaşdırmaqdır.

Araşdırdıqda görürük ki, sadalanan istiqamətlərin əksəriyyəti üzrə müxtəlif dövlət proqramları və dəstək mexanizmləri mövcuddur. Lakin əsas sual onların mövcudluğu deyil, gənclər üçün nə dərəcədə əlçatan və səmərəli olmasıdır. Bəzən bürokratik maneələr, məmur süründürməçiliyi və məlumat çatışmazlığı bu imkanlardan istifadəni çətinləşdirir.

Digər tərəfdən, məsuliyyəti yalnız dövlətin və ya aidiyyəti qurumların üzərinə qoymaq da düzgün olmaz. Gənclərin özlərinin də üzərinə böyük vəzifə düşür. Onlar mövcud imkanları nə dərəcədə araşdırırlar? Dövlət proqramları, təqaüdlər, qrantlar, təlimlər və məşğulluq layihələri barədə kifayət qədər məlumatlıdırlar, yoxsa eşitdikləri ilk fikirlə kifayətlənirlər?

Bu gün gənclərin əlində əvvəlki nəsillərin sahib olmadığı böyük üstünlük var — internet və sosial şəbəkələr. İndi hər hansı məlumatı əldə etmək üçün kilometrlərlə yol qət etməyə ehtiyac yoxdur. Ən qiymətli sərvət olan zamanı yalnız əyləncəyə sərf etmək əvəzinə, onu öyrənməyə, araşdırmağa və özünü inkişaf etdirməyə yönəltmək daha doğru seçimdir.

Ölkənin yalnız alimlərə, müəllimlərə və həkimlərə deyil, həm də bacarıqlı ustalara, mühəndislərə, fermerlərə, tikən, quran, əkən və becərən güclü əllərə ehtiyacı var. Cəmiyyət hər peşənin dəyərini qəbul etməli, gənclər isə peşə seçərkən “Hamı bu ixtisası seçir” və ya “Bu peşə daha nüfuzludur” düşüncəsi ilə deyil, ölkənin ehtiyaclarını, əmək bazarının tələblərini, öz qabiliyyətlərini və gələcək perspektivləri nəzərə almalıdırlar.

O zaman xaric yalnız uğur ünvanı kimi görünməyəcək. Çünki hər bir gənc anlayacaq ki, firavan gələcəyi qurmaq üçün ən böyük imkanlardan biri də öz vətənində mövcuddur. Cənnəti başqa yerdə axtarmaq əvəzinə, onu öz ölkəmizdə quracağıq.

Belə olsa, vağzallarda Güntəkinlər söyüdlər kimi saçlarını yolmayacaqlar. Vağzallar həm də həsrətin bitdiyi, gedənlərin döndüyü yer olacaq. “Vağzalı”lar çalınacaq yurdlarımızda — gənclər qocalmadan.

P.S. Mən bu yazıdan öncə Güntəkindən halallıq almaq istədim, “Səndən yazacağam” dedim. İllər öncəki kimi yarasını qanatmamaq üçün. O, adətən susur, çox danışan biri deyil. Nəsə deyəndə öz dünyasından ayrılıb cavab vermir. Bu dəfə susmadı, illərin hüznü çökmüş yorğun gözlərini gözlərimə zilləyib dilləndi: “Yaz. Yaz ki, Elsevərləri əlimizdən almasınlar, Elsevərlər getməsin”.

vağzal ayrılıq mühacirət həsrət Vətən söyüdlər doğma yurd xaricə köç insan taleyi nostalgiya həyat hekayəsi Azərbaycan

Mənbə: lent.az

Xəbər lenti