Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib.
Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır:
Azərbaycanın xarici işlər naziri
Azərbaycanın maliyyə naziri
Azərbaycanın mədəniyyət naziri
Azərbaycanın daxili işlər naziri
Azərbaycanın fövqəladə hallar naziri
Azərbaycanın səhiyyə naziri
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycanın energetika naziri
Dövlət Gömrük Komitəsinin sədri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Dövlət Sərhəd Xidmətinin rəisi
Dövlət Miqrasiya Xidmətinin rəisi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri.
Təşkilat Komitəsi bu il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin edəcək, Forumunun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planını hazırlamalı və icrasını əlaqələndirməli, eləcə də Forumun təşkili və keçirilməsi ilə bağlı digər zəruri məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi isə Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək.
Sərəncamda qeyd olunub ki, Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.
"Bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olub. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb. Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun uğurlu nəticələrini və formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq, habelə Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılır", - sərəncamda bildirilib.
Mənbə: report.az