Baham adalarının Nyu-Providens adasında toydan bir gün sonra bal ayı zamanı köpəkbalığı qadına hücum edərək onu parçalayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Amerikanın Massaçusets ştatının Boston şəhərindən olan 44 yaşlı turist dekabrın 3-də evlənib. Ertəsi gün o, ailəsi ilə birlikdə istirahət etdiyi Sandals Royal Bahamian Resort yaxınlığında paddlebordinqə gedib. Turist sahildən bir kilometr yarım aralıda ikən köpəkbalığı ona hücum edib.
Köpəkbalığı qadının bədənindən, budundan və qolundan bir neçə dəfə dişləyib. Tezliklə turistə kömək etmək üçün xilasedici gəlib. O, zərərçəkmişi və onun qohumunu sahilə gətirib. Qadın reanimasiyaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Turistə hansı köpəkbalığının hücum etdiyi hələlik məlum deyil.