Türkiyənin AKINCI pilotsuz uçan aparatı (PUA) bazar ertəsi səhər saatlarında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qalıqları olduğu ehtimal edilən mənbəni müəyyən edib və onun koordinatlarını İran hökuməti ilə bölüşüb.
Lent.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Anadolu Agentliyi" məlumat yayıb.
Qeyd edək ki, Rəisini daşıyan helikopter qəzaya uğradıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyi axtarış fəaliyyətlərində iştirak etmək üçün AKINCI PUA və gecəgörmə qabiliyyətinə malik "Cougar" tipli helikopter təyin edib.
Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib.
İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib.
Helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və Təbriz vilayətinin imam Ayətullah Əli Haşim də olub.
Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinliklə davam etdiyini bildirir.