Ukraynada obyektlərin tikintisi və yenidən qurulması başa çatdıqdan sonra sosial mənzillərin idarə edilməsi üzrə dayanıqlı sistem yaratmağa çağırıblar.
"Report" xəbər verir ki, bu barədə ukraynalı deputat Pavlo Frolov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən tədbirdəki videomüraciətində bildirib.
Onun sözlərinə görə, postsovet mənzil siyasətinin əsas problemlərindən biri binalar istismara verildikdən sonra onların idarə edilməsi mexanizmlərinin olmamasıdır.
Frolov qeyd edib ki, Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluş şəhərindəki sosial mənzil layihəsi obyektin idarə edilməsi üçün ayrıca model nəzərdə tutur və bu, gələcəkdə analoji təşəbbüslər üçün standart ola bilər.
"Sosial və müvəqqəti mənzillər haqqında qanunvericilik yalnız tikintinin maliyyələşmə mənbələrini deyil, həm də binaların idarə edilməsi, onlara xidmət göstərilməsi və icarənin uzunmüddətli perspektivdə tənzimlənməsi mexanizmlərini müəyyən etməlidir", - o vurğulayıb.
Mənbə: report.az