IMG-LOGO

Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib

21 May 2026 11:44 4 baxış
IMG

Ukraynada hərbi münaqişənin dörd ili ərzində ölkənin bütün mənzil fondunun 14 %-dən çoxu məhv edilib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının komitə sədri Yelena Şulyak Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir" mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, irimiqyaslı dağıntılar 2,5 milyondan çox ev təsərrüfatına təsir edərək dərin mənzil böhranına səbəb olub: "Bu günə olan məlumata görə, təxminən 5 milyon ukraynalı rəsmi olaraq məcburi köçkün statusuna malikdir, 6 milyondan çox insan isə məcburiyyət qarşısında ölkə hüdudlarından kənardadır".

Y.Şulyak vurğulayıb ki, bu çağırışa cavab mənzil sahəsində təcili və uzunmüddətli həllərin birləşdirilməsi olub: "Tammiqyaslı hərbi əməliyyatların başlamasından cəmi bir ay sonra ölkədə zədələnmiş və məhv edilmiş mənzillərə görə kompensasiyanın milli mexanizmi haqqında qanun qəbul edilib, həmçinin zərərin yoxlanılması üçün rəqəmsal alətlər tətbiq olunub".

Onun sözlərinə görə, artıq 200 mindən çox ev təsərrüfatı bu proqramdan yararlanıb, bu zaman ilkin maliyyələşmə Ukraynada fəaliyyət göstərmiş Rusiya banklarının bloklanmış aktivləri hesabına təmin edilib.

Y.Şulyak, dövlət ipoteka proqramının genişləndirilməsini xüsusi qeyd edib: "Məcburi köçkünlər ipoteka üzrə ilkin ödənişin 70 %-ə qədərinin kompensasiyasını ala bilərlər, güzəştli kreditləşmə proqramlarından isə artıq 30 minə yaxın ailə yararlanıb".

Mənbə: report.az

Xəbər lenti