IMG-LOGO

"Azərbaycanlılar Misirin bütün şəhərlərinə vizanı asan almalıdırlar" - Səfirlə MÜSAHİBƏ

20 May 2026 19:03 3 baxış
IMG
0 0

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Hüsaməddin Effat Mustafa Redanın APA-ya müsahibəsi

Misir-Azərbaycan münasibətləri mükəmməldir

- Cənab səfir, Azərbaycan və Misir arasında diplomatik münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

- Misir-Azərbaycan münasibətləri mükəmməldir. Mən bunu belə xarakterizə edərdim. Deyə bilərəm ki, biz əvvəllər heç vaxt əldə olunmamış mərhələlərə çatmışıq. Bunların ən yüksəyi dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi olub.

Belə ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2023-cü ildə Azərbaycana səfər edib, Azərbaycan Prezidenti İlham Əliyev isə 2024-cü ildə Misirdə səfərdə olub. Bunlar diplomatik münasibətlərin qurulmasından sonra həyata keçirilmiş ən yüksək səviyyəli qarşılıqlı səfərlərdir.

Tam əminəm ki, Şarm əl-Şeyxə uçuşların sayı artacaq

- Hazırda Bakıdan Şarm əl-Şeyxə birbaşa uçuşlar uğurla həyata keçirilir. Bu reyslərin tezliyinin artırılması ilə bağlı planlar var? Digər tərəfdən, Misirin digər şəhərlərinə, o cümlədən Qahirəyə birbaşa uçuşların açılması mümkündür?

- Mən Şarm əl-Şeyxə birbaşa uçuşların olmasına görə çox-çox şadam. Reyslərin tezliyinin artırılması məsələsinə gəlincə, nəticə etibarilə, aviaşirkətlər mənfəət əldə etməli olan qurumlardır. Buna görə də mən tam əminəm ki, Şarm əl-Şeyxə uçuşların sayı artacaq. Çünki çoxlu azərbaycanlıdan son dərəcə müsbət rəylər alıram və onlar artıq Şarm əl-Şeyxə ən azı ildə bir dəfə gedirlər.

Beləliklə, inşallah, azərbaycanlıların marağına uyğun olaraq, Şarm əl-Şeyxə uçuşların sayı artacaq. Ora həmçinin çoxlu misirlinin və xarici rezident icmaların yaşadığı bir məkandır və onlar da Azərbaycana səfər etməkdə maraqlı ola bilərlər. Buna görə bu məsələdə əminəm.

Biz Bakı ilə Qahirəni, iki paytaxtı bir-birinə bağlamalıyıq. Lakin bu yolda müəyyən çətinliklər mövcuddur.

Bunlardan biri COVID pandemiyası, qlobal iqtisadi böhran və digər səbəblər nəticəsində təchizat zəncirində yaranmış gecikmələrdir. Amma proses davam edir və düşünürəm ki, bu əlaqə qurulacaq və ümid edirəm ki, çox yaxın zamanda baş verəcək. Artıq Qahirə ilə Bakı arasında mövsümi çarter reyslərimiz var. Lakin hesab edirəm ki, bu reyslər daimi fəaliyyətə başlayandan sonra misirli turistlər Azərbaycanı daha yaxından kəşf edəcək, azərbaycanlılar isə Qahirəyə daha çox səfər edəcəklər. Düşünürəm ki, bu, çox uğurlu, gündəlik reys olacaq.

Misirlilərin Azərbaycana girişini asanlaşdırmalıyıq

- Ölkələrimiz arasında turizmi təşviq etmək üçün viza prosesinin sadələşdirilməsi ilə bağlı hər hansı plan var?

- Bəli, ötən ilin sentyabr ayında hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb və Qahirədə keçirilən həmin görüş zamanı razılığa gəlinib ki, konsulluq səviyyəsində həm azərbaycanlıların Misirə, həm də misirlilərin Azərbaycana səfərlərinin asanlaşdırılması məsələsi müzakirə olunacaq. Amma icazə verin, ilk növbədə azərbaycanlıların Misirə səfəri məsələsinə toxunum. Artıq azərbaycanlılar Şarm əl-Şeyxə birbaşa istiqamət üzrə gələndə hava limanında viza almaq imkanına malikdir.

Biz bunu Qahirəyə və digər şəhərlərə də genişləndirməliyik. Eyni zamanda, misirlilərin Azərbaycana girişini də asanlaşdırmalıyıq. Ümid edirəm ki, bu məsələ bu il iki ölkə arasında keçiriləcək konsulluq məsləhətləşmələri zamanı müzakirə olunacaq.

Azərbaycanlılar və misirlilər inanılmaz dərəcədə oxşardırlar

- Azərbaycan və Misir arasında mədəni və humanitar əlaqələrin genişləndirilməsi, xüsusilə təhsil proqramları və tələbə mübadilə proqramları ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanlılar və misirlilər inanılmaz dərəcədə oxşardırlar. Biz eyni dəyərlərə, eyni dinə, eyni mədəniyyətə malikik. Ailəyə münasibətimiz, qadınlara hörmətimiz, ailə dəyərlərimiz çox bənzərdir. Bunun çox konkret sübutu var.

Misirə səfər etmiş istənilən azərbaycanlıdan soruşun, deyəcək ki, “özümü evimdə hiss etdim”. Azərbaycana gələn hər bir misirlidən soruşun, o da deyəcək ki, “özümü evimdə hiss etdim”. Sonra soruşun: “Nəyi nəzərdə tutursunuz?” Cavab olaraq deyəcəklər ki, onlar bizim kimi qidalanırlar, ailəyə münasibətləri bizim kimidir, qadınlara hörmət anlayışı, ailə toplantılarının əhəmiyyəti, yemək mədəniyyəti, süfrə tərzi — hər şey eynidir. Yəni bizim istifadə etmədiyimiz gizli bir xəzinəmiz var.

Buna görə bunun fərqində olmalıyıq. Mən həmişə deyirəm, bu, artıq bir növ şüara çevrilib: “bizi birləşdirən məqamlar bizi ayıranlardan qat-qat çoxdur”.

Tələbə mübadiləsi, universitetlərdə təhsil və digər məsələlərə gəlincə, həm Azərbaycan, həm də Misir bəzən təhsil üçün xaricə üz tutur. Bizdə çox uğurlu və istedadlı tələbələr olur və deyirik ki, onların təhsilinə sərmayə qoyaq. Amma bir-birimizə deyil, dünyanın başqa ölkələrinə baxırıq. Hansı ölkələr olduğunu sadalamaq istəmirəm.

Amma azərbaycanlılar bilirlərmi ki, Misirin dünyada ilk 500 universitet sırasında ən azı bir neçə universiteti var? Xeyr, bilmirlər. Çünki bu reklam olunmur. Biz bilirikmi ki, sizin də güclü universitetləriniz var? Xeyr, bu da kifayət qədər tanıdılmır. Bu, kifayət qədər yüksək göstəricidir.

Misir Qarabağ məsələsi ilə bağlı azərbaycanlıların hisslərini çox yaxşı anlayır

- Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri aparılır. Misir şirkətlərinin bu layihələrdə iştirakı ilə bağlı hər hansı müzakirələr var?

- İlk olaraq onu deyim ki, Misir Qarabağ məsələsi ilə bağlı azərbaycanlıların hisslərini çox yaxşı anlayır. Biz öz tariximizdə oxşar vəziyyət yaşamışıq — torpaqlarımızın bir hissəsi işğal olunmuşdu. Biz Sinayı 1973-cü il müharibəsi və sonrakı razılaşmalar nəticəsində azad etdik, sonda isə son torpaqlarımızı - Tabanı tam şəkildə geri qaytardıq.

Biz bilirik ki, bu məsələ milli qürur üçün nə deməkdir. Biz bu təcrübədən keçmişik və uğur əldə etmişik. İndi isə istəyirik ki, başqaları da eyni nəticəni əldə etsin.

Bəli, biz çox maraqlıyıq və artıq marağımızı ifadə etmişik. Biz artıq müxtəlif sahələrdə əməkdaşlıq edirik. Hazırda birbaşa yenidənqurma işlərində iştirak etmirik, amma Qarabağın bərpası üçün vacib olan sahədə — minalardan təmizləmə prosesində Azərbaycanla əməkdaşlıq edirik. Bu, hər hansı bərpa işinin əsasını təşkil edir.

Yaxın Şərqdə və ya Afrikada ölkələr qurmuş şirkətlərimiz var. Mən “ölkələr” deyəndə həqiqətən ölkələri nəzərdə tuturam. Misir podratçıları gedib onları inşa etməzdən əvvəl həmin yerlər şəhərsalma xəritəsində belə yox idi.

Bəndlər tikən, yaşayış kompleksləri və bütöv şəhərlər inşa edən şirkətlərimiz var.

- Bildiyimiz kimi, Bakı Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir. Bu forumda Misirin əsas mesajları nə olacaq?

- İlk növbədə, Bakıya uğurlar arzulayırıq. O, COP29-a çox uğurla ev sahibliyi edib. Siz COP29-a ev sahibliyi etmisiniz, indi isə WUF keçirilir. Misir COP27-yə ev sahibliyi edib və əvvəlki WUF da bizdə olub. Yəni biz oxşar yol gedirik.

Əsas mesajlarımızdan biri budur ki, WUF və COP bir-biri ilə bağlıdır, yəni biri digərinə əsaslanır. Əgər ətraf mühiti qorumasaq, şəhər inkişafı da mümkün deyil. İnkişaf və urbanizasiya paralel getməlidir.

Əminəm ki, Azərbaycanın bu forumda irəli sürəcəyi ideyalar yaxşı müzakirə olunacaq. Buna zəmanət verə bilərəm ki, Misir nümayəndə heyəti tərəfindən də dəstəklənəcək.

Misir Fələstinlə bağlı mövqeyini heç vaxt dəyişməyib

- Fələstin məsələsi həmişə Misirin xarici siyasətinin mərkəzində olub. Hazırkı gərginlik fonunda Misirin mövqeyində hər hansı dəyişiklik var?

- Misir heç vaxt mövqeyini dəyişməyib. Biz həmişə Fələstin xalqının hüquqlarının qəti tərəfdarı olmuşuq — 1967-ci ilin iyun sərhədləri əsasında, paytaxtı Qüds olmaqla.

Bu gün gördüklərimiz təəssüf ki, beynəlxalq ictimai iradənin öz öhdəliyini yerinə yetirə bilməməsinin nəticəsidir. BMT qətnamələrinə, insan hüquqlarına və beynəlxalq hüquqa zidd olan vəziyyətlər müşahidə edirik.

Bu fürsətdən istifadə edərək, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququ və iki dövlətli həllə dair açıq dəstəyinə görə, Azərbaycanın mövqeyini də alqışlayıram.

Qəzza böhranı ikili standartların açıq göstəricisi olaraq qalır

- Rəfah sərhəd-keçid məntəqəsində hazırkı vəziyyəti və humanitar durum necədir?

- Rəfah keçidi çox mürəkkəb bir məsələdir, çünki insanlar onu birtərəfli qapı kimi düşünürlər. Halbuki bu, iki tərəfi olan bir keçiddir. Siz otağınızdan çıxmaq üçün qapını açırsınız, amma qarşı tərəf də açmalıdır. Əks halda keçid mümkün deyil.

Beynəlxalq ictimaiyyət adətən Misir tərəfindəki qapıya diqqət yetirir, lakin Qəzza tərəfi tam və birtərəfli şəkildə İsrailin nəzarətindədir. Biz qapımızı həmişə açıq saxlamışıq, amma qarşı tərəf açmadığı üçün humanitar yardım keçə bilmir.

Fevraldan sonra müəyyən müsbət irəliləyişlər olsa da, hazırkı regional vəziyyətlə əlaqədar vəziyyət yenidən pisləşib və humanitar yardım yenidən ciddi şəkildə məhdudlaşdırılıb. Təəssüf ki, biz artıq uşaqların aclıqdan əziyyət çəkməsi, qadın və yaşlıların dərmansız qalması kimi vəziyyətlərə çox dözümlü yanaşmaq məcburiyyətində qalmışıq. Qəzza böhranı ikili standartların açıq göstəricisi olaraq qalır.

Biz ABŞ və İran arasında atəşkəsin əldə olunması və onun davamlı olması üçün vasitəçilik edirik

- Son sualım, Misir regionda, xüsusilə İran ətrafında artan gərginlik barədə nə düşünür?

- Misir həmişə hüququn aliliyinin tərəfdarı olub və biz sülh vasitəçisiyik. Biz ABŞ və İran arasında atəşkəsin əldə olunması və onun davamlı olması üçün vasitəçilik edirik. Ümid edirik ki, bu proses mümkün qədər tez başa çatacaq.

Təbii ki, Körfəz ölkələri bu vəziyyətdən daha çox təsirlənib və biz İranın Körfəz ölkələrinə qarşı addımlarını dəfələrlə qınamışıq. Amma indi deyə bilərəm ki, bu artıq qlobal böhrana çevrilib.

Hətta Dünya Bankı da qlobal iqtisadi artım proqnozunu aşağı salıb. Bəşəriyyətin bir qədər nəfəs almağa ehtiyacı var. Biz COVID pandemiyasını yaşadıq və bu, təbii təhlükə idi, insanların seçimi deyildi. Daha sonra Rusiya ilə Ukrayna arasındakı vəziyyət qlobal iqtisadiyyata təsir göstərdi. Ardınca Qəzza böhranı gəldi və indi də İranla bağlı vəziyyət var ki, Hörmüz boğazından keçidin ciddi şəkildə təsirlənməsi səbəbindən dünya yenidən böhran yaşayır.

Qlobal enerji daşıyıcılarının 30 faizdən çoxu həmin boğazdan keçir. Bu vəziyyət təkcə iqtisadi məsələ deyil, həm də bütün sistemə təsir edən bir haldır, çünki qlobal enerji axınının böyük hissəsi bu regiondan keçir. Bu isə nəqliyyata, dolayısı ilə isə hər sahəyə təsir edir.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Misir səfiri

Mənbə: lent.az

Xəbər lenti