Qeyri-rəsmi yaşayış məntəqələri yalnız həssaslıq prizmasından deyil, həm də iqtisadi və sosial potensiala malik ərazilər kimi nəzərdən keçirilməlidir.
"Report"un məlumatına görə, bunu Amerikalararası İnkişaf Bankının (Inter-American Development Bank) nümayəndəsi Vaşinqton Menezes Faxardo (Washington Menezes Fajardo) Bakıda WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" mövzusunda tədbirdə bəyan edib.
"Qeyri-rəsmi yaşayış məntəqələri çoxölçülü bir hadisədir, burada eyni vaxtda yüksək iqlim riskləri, məkan seqreqasiyası və sosial təcrid vəhdət təşkil edir, lakin orada yaşayan icmalar əhəmiyyətli iqtisadi potensiala və cəmiyyətə inteqrasiya istəyinə malikdir", - o qeyd edib.
Onun sözlərinə görə, Braziliyada aparılan araşdırmalar göstərir ki, favelaların ümumi iqtisadi potensialı regionun ayrı-ayrı dövlətlərinin iqtisadiyyatları ilə müqayisə edilə bilər, bu isə qeyri-rəsmi yaşayış məntəqələrinin həm də əmək bazarına çıxış və sahibkarlığın inkişafı üçün "fürsət nöqtələri" kimi nəzərdən keçirilməsi zərurətini nümayiş etdirir.
Faxardo vurğulayıb ki, belə ərazilərin şəhər xəritələrinə və məlumat sistemlərinə daxil edilməsi səmərəli siyasətin əsas elementidir və bu, dövlətlərə, xüsusilə iqlim riskləri və təbii fəlakətlər şəraitində daha dəqiq qərarlar qəbul etməyə imkan verir.
"Latın Amerikası və Karib hövzəsi ölkələrində təbii fəlakətlər böyük iqtisadi itkilərə səbəb ola bilər, bu isə planlaşdırma və cavab tədbirləri üçün keyfiyyətli geoməkan məlumatların zəruriliyini artırır", - o əlavə edib.
Mənbə: report.az