IMG-LOGO

Gürcü ekspert: BMT forumunun Bakıda keçirilməsi onun təcrübəsinə verilən önəmin göstəricisidir

17 May 2026 14:47 3 baxış
IMG

Gürcüstanın Əməkdar jurnalisti və Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq, tarix elmləri doktoru Badri Naçkebiya bildirib ki, Azərbaycan artıq qlobal forumların əsas ünvanlarından birinə çevrilib.

O, "Report"un Gürcüstan bürosuna BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) dəyərləndirərkən belə deyib.

Politoloq bildirib ki, BMT-nin şəhərsalma üzrə belə böyük forumunu məhz Bakıda keçirmək qərarı beynəlxalq institutların Azərbaycanın bu sahədəki təcrübəsinə verdiyi önəmin göstəricisidir:

"Bildiyimiz kimi, Azərbaycan müstəqilliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağ və ətraf ərazilərdə genişmiqyaslı şəhərsalma layihələrinin icrasına başlayıb. Söhbət yolların çəkilməsindən, kənd və qəsəbələrin, şəhərlərin bərpasından, hava limanlarının, küçələrin və ümumilikdə müasir infrastrukturun qurulmasından gedir".

B.Naçkebiya qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə mühüm təcrübə hesab oluna bilər:

"Bu, Azərbaycanın uğurla həyata keçirdiyi çox ciddi və mühüm təcrübədir. Hesab edirəm ki, bu təcrübə təkcə postsovet məkanı üçün deyil, ümumiyyətlə, dünyanın bir çox ölkələri üçün faydalı ola bilər".

Onun sözlərinə görə, WUF13 forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə dinamik inkişaf edən dövlət kimi qəbul olunduğunu göstərir:

"Düşünürəm ki, WUF13 forumunun Bakıda keçirilməsi Azərbaycanın yeni yanaşmalar ortaya qoyan və digər dövlətlər üçün nümunə yaradan ölkə kimi beynəlxalq səviyyədə tanınmasının göstəricisidir".

Ekspert əlavə edib ki, Azərbaycan artıq uzun illərdir, beynəlxalq tədbirlərin əsas ev sahiblərindən birinə çevrilib:

"Bu, Azərbaycan dövlətinin öz ərazisində keçirdiyi ilk beynəlxalq forum deyil. Artıq uzun illərdir ki, Bakı mühüm beynəlxalq tədbirlərə və forumlara ev sahibliyi edir. Bu tədbirlərin hər biri ciddi məzmun daşıyır və beynəlxalq əhəmiyyətə malikdir".

Xəbər lenti