Bu gün Azərbaycanın regional siyasəti Cənubi Qafqazın sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məkanına çevrilməsinə yönəlib. Bakı tərəfindən həyata keçirilən irimiqyaslı logistik və enerji təşəbbüsləri, Gürcüstanla sıx qarşılıqlı fəaliyyət, eləcə də Ermənistanla kommunikasiyaların qurulması və ticarətin inkişafında əldə olunan irəliləyişlər sayəsində region yeni geostrateji əhəmiyyət kəsb edir.
"Report" xəbər verir ki, bu barədə Panavropa İttifaqının baş katibi Karlos Uriarte Sançesin "El Mundo Financiero" nəşrində dərc olunan məqaləsində bildirilib.
Onun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizləri, dəmir yolu və enerji layihələri, eləcə də Avropa ilə Asiya arasında yeni ticarət marşrutları Cənubi Qafqazı Şərqlə Qərb arasında ən mühüm körpüyə çevirir. Bu fonda Azərbaycan regional qarşılıqlı əlaqələrin, dialoqun və praqmatik əməkdaşlığın təşəbbüskarı kimi mərkəzi rol oynayır.
Uriarte Sançes öz məqaləsində həmçinin xatırladıb ki, bu il Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilir.
Ekspert vurğulayıb ki, böyük liderin siyasi irsi tədricən dayanıqlı sülhə və ümumi rifaha doğru irəliləyən regionda həyata keçməyə davam edir.
"2026-cı il mayın 10-da siyasi və strateji baxışı müasir müstəqil Azərbaycanın əsaslarını qoyan tarixi şəxsiyyət - Heydər Əliyevin anadan olmasının 103 ili tamam oldu. Məhz onun liderliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, hakimiyyət institutlarının inkişafında və sabitliyə, suverenliyə və milli inkişafa yönəlmiş xarici siyasətin formalaşdırılmasında əsas rol oynayıb. Azərbaycanın Ümummilli Lideri tərəfindən qarşıya qoyulan məqsədlər bu gün reallığa çevrilib", - o yazıb.
Sançes qeyd edib ki, 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycan öz müasir tarixinin ən mürəkkəb dövrlərindən biri ilə - siyasi böhran, ağır iqtisadi çətinliklər və Qarabağda silahlı münaqişə ilə üzləşib. Bu kontekstdə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması ölkə üçün dönüş nöqtəsi olub.
O, həmçinin vurğulayıb ki, əvvəllər işğal olunmuş ərazilərin azad edilməsindən sonra Azərbaycan zərər çəkmiş regionların kompleks bərpasına və reabilitasiyasına yönəlmiş "Böyük Qayıdış" Dövlət Proqramının icrasına başlayıb.
"Dağıdılmış şəhər və kəndlər "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında bərpa edilir. Dayanıqlı inkişaf prinsiplərinə cavab verən müasir infrastruktur yaradılır, yollar, məktəblər, xəstəxanalar, enerji sistemləri və nəqliyyat şəbəkələri tikilir. Eyni zamanda, məcburi köçkünlər artıq öz doğma evlərinə təhlükəsiz şəkildə qayıtmağa başlayıblar. Qarabağın bərpası təkcə ərazinin dirçəlişi prosesi deyil, həm də genişmiqyaslı milli layihədir", - Sançes deyib.