IMG-LOGO

Elnur Soltanov: "Yeni "yaşıl enerji" layihələri Balkanlarla əməkdaşlığımıza xüsusi töhfə verir" - MÜSAHİBƏ

13 May 2026 10:56 2 baxış
IMG

Ötən həftə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Enerji Forumunda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edib.

Nazir müavini Belqrad Enerji Forumu çərçivəsində "Report"un Balkan bürosuna müsahibəsində Azərbaycanın Balkan regionu ilə enerji əməkdaşlığının perspektivləri, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin son vəziyyətindən və Avropaya "yaşıl enerji" ixracı planlarından danışıb.

E.Soltanov, həmçinin Azərbaycan–Serbiya enerji əlaqələri, Azərbaycanın Ermənistanla mümkün enerji əməkdaşlığı və bərpa olunan enerjinin ölkənin gələcək enerji siyasətindəki rolu ilə bağlı mühüm məqamlara toxunub.

"Report" həmin müsahibəni oxucularına təqdim edir:

- Elnur müəllim, Azərbaycanın enerji diplomatiyasında Balkan regionu ilə əməkdaşlıq hansı mərhələdədir?

- Biz Balkan regionuna ümumi Avropa istiqamətindəki siyasət çərçivəsində baxırıq, lakin ikili münasibətlərin spesifik xüsusiyyətlərinin unudulmamasına xüsusi diqqət göstərilir. Cənubi Qafqaz və Balkan regionları arasında həm münaqişələr nöqteyi-nəzərindən, həm ümumi beynəlxalq münasibətlərin strukturu baxımından oxşarlıqlar var. Hesab edirəm ki, Balkan regionu ilə əlaqələrimiz hazırda kifayət qədər yüksək səviyyədədir.

Azərbaycan enerji siyasətinə gəldikdə isə ölkəmiz bu günə qədər çox uzaqda olan qonşularına belə bir çox sahələrdə dəyər ixrac edib. Yəni Azərbaycan əməkdaşlıqda təkcə enerji ixracı ilə məhdudlaşmayıb. Bu gün Türkiyə Azərbaycanla həm qonşu, həm də qardaş ölkədir. Bizim enerji strukturumuzun böyük bir hissəsi də Türkiyə üzərindən keçir.

Bizim ümumi Avropa istiqamətində enerji siyasətimizin inkişafı istər-istəməz Balkanlar istiqamətində də münasibətlərin inkişafına səbəb olur və olacaq. Çünki artıq infrastrukturun yönəlmə istiqaməti buradan ibarətdir. Ona görə də istər-istəməz hər atılan addımın Balkanlar üçün də müsbət effekti var. Biz neftlə başlayan, təbii qazla davam edən enerji siyasətimizi "yaşıl enerji" ilə hazırda üçüncü məntiqi nəticəsinə doğru aparırıq. Bunun da əsas istiqaməti Türkiyə, Qara dəniz üzərindən Avropadır. Bu mənada mənə elə gəlir ki, bu günə qədər layihələrin genişləndirilməsi prosesi ilə bərabər, yeni "yaşıl enerji" layihələrini həyata keçirmək Balkan regionu ilə də əməkdaşlığımıza xüsusi töhfə verir.

- Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi üzrə görülən işlərin son vəziyyəti barədə də məlumat almaq istərdik.

-Texniki-iqtisadi əsaslandırma İtaliyanın "CESI" şirkəti tərəfindən aparılır və bir neçə ay ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bu yekunlaşdıqdan sonra layihəninin texniki və iqtisadi cəhətdən rentabelliyi üzərində artıq son qərar veriləcək. Çünki bu, PCI (Projects of Common Interest) və PMI (Projects of Mutual Interest) layihələrinə Avropa İttifaqına müraciət etmək üçün də əsasdır. Fikrimcə, texniki-iqtisadi əsaslandırmaların nəticələri çox şeyi müəyyənləşdirəcək. Oradakı rentabellik təsdiq olunduqdan sonra artıq növbəti mərhələ tenderlər mərhələsidir. Bu mənada hər şey plan üzrə və hesablanmış şəkildə irəliyə doğru gedir.

- Azərbaycan Avropanın qaz ixracatçısı olması ilə yanaşı, "yaşıl enerji" ixracatçısına çevrilməsi necə planlaşdırır? Bu, yaxın dövr üçün real görünürmü?

- Çox maraqlıdır ki, Xəzər dənizi bizim həm neft və qaz ehtiyatlarımızın mənbəyidir, həm də orada bizim kifayət qədər külək ehtiyatlarımız var. Bu ehtiyatlar hesabına həm öz ehtiyaclarımızı qarşılaya, həm də ixrac həyata keçirə bilərik. Məlumdur ki, bizim bu istiqamətdəki infrastrukturun əsas istiqaməti Avropadır. Buna görə də artıq qalan "yaşıl enerji"nin də gedəcəyi istiqamət birmənalı olaraq Avropa olacaq. Bu Qara dəniz, Türkiyə üzərindən ola bilər. Xüsusilə Naxçıvan istiqamətindən belə bir layihə üzərində işlənilir.

Azərbaycanın enerji siyasəti sülh siyasəti ilə birgə addımlayır. Ermənistanla olan münasibətlər, Zəngəzur dəhlizi və Naxçıvanın Azərbaycanın ana sisteminə qoşulması istiqamətində atılan addımlar fonunda ümid odur ki, bu yeni "yaşıl enerji" layihələri nəinki bizi və qonşuları enerji ilə təmin edəcək, eyni zamanda Azərbaycan və Ermənistan arasında olan qalıcı sülh prosesinə çox böyük töhfə verəcək.

- Ermənistanla münasibətlərdən söz düşmüşkən, Azərbaycan artıq bu ölkəyə neft məhsulları ixrac edir. İki ölkə arasında enerji əməkdaşlığının yaxın dövrdə şaxələndirilməsi planlaşdırılırmı?

- Bizim ixrac etdiyimiz neft məhsulları həm də enerji təhlükəsizliyi və stabilliyinin ixracı mənasına gəlir. Ermənistan indiyədək öz seçimləri nəticəsində enerji koalisiyalarından kənarda qalırdı. Amma hazırda sülhə doğru atdıqları hər addım sadəcə sülh nöqteyi-nəzərindən deyil, iqtisadi və neft təhlükəsizliyi baxımından da onlara fayda təmin edir. Azərbaycanın qaz və neft layihələrinin kənarında qalan Ermənistan hazırkı siyasəti, sülhə istiqamətlənən baxışı ilə "yaşıl enerji" dəhlizlərində yer almaq kimi sülh dividendi əldə edəcək. Bu da onu göstərir ki, iki məsələ bir-biri ilə bağlıdır. Belə ki, bizə qarşı hərbi müstəvidə uduzan, həm də iqtisadi müstəvidə uduzur və bunun artıq fərqindədirlər. Azərbaycan sülh addımı atan ölkələrlə iqtisadi cəhətdən də münasibətləri qoruyur.

- Azərbaycan və Serbiya arasında Niş şəhərində həyata keçirilən qaz və enerji infrastrukturu layihəsinin hazırkı vəziyyəti necədir? Bu layihənin regionun enerji təhlükəsizliyi və Azərbaycan–Serbiya enerji əməkdaşlığı baxımından strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Serbiyaya neft və neft məhsulları, həmçinin qaz ixrac edir. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Serbiyada qaz elektrik stansiyasının tikintisi üzrə işlər gedir. Bunlar siyasi və iqtisadi hadisələrdir. Bunun texniki-iqtisadi əsaslandırması, qiymətlərin müəyyənləşdirilməsi kifayət qədər mürəkkəb proseslərdir. Amma bütün işlər planlaşdırıldığı şəkildə və sürətlə irəliləyir. Əminəm ki, yaxın dövrdə bu istiqamətdə xoş xəbərlər eşidəcəyik.

- Ümumiyyətlə, Serbiya ilə yanaşı, digər Balkan ölkələri ilə enerji infrastrukturu üzrə hansı yeni layihələr müzakirə olunur?

- Albaniyada Azərbaycan yerli qaz infrastrukturunun qurulması istiqamətində addımlar atır. Biz təbii qazın xüsusilə dəyər zəncirinin bütün mərhələlərində iştirak etməkdə qərarlıyıq. Eyni şeyi neftdə də müşahidə edə bilərsiniz. Məsələ təkcə xam neft və qazın istehsalı, daşınması və satılması deyil, onun yenidən işlənməsi, emal edilməsi, emal edilmiş məhsulların satılmasıdır. Azərbaycan bunu Gürcüstan və Türkiyədə həyata keçirir. Diqqət etsək, görərik ki, mərhələli olaraq Azərbaycan prosesə birinci xam neft və xam qazla başladı, amma daha sonra Türkiyə və Gürcüstanda neft emal zavodlarında, təbii qazın pərakəndə satışlarında yer almağa başladı və bu coğrafi məkan genişləndi. Yəni neft və qazın dəyər zəncirinin son halqasına qədər bütün mərhələlərdə həm özümüzə, həm tərəfdaşlarımıza maksimum fayda veririk. Bunu İtaliya, Albaniya, Serbiya nümunəsində də görmək olar.

- Bəs irəliləyən dövrdə Azərbaycanın enerji siyasətində bərpa olunan enerji hansı paya sahib olacaq?

- 2027-2028-ci ilə qədər qoyuluş gücü 30 %-dən daha çox olacaq. Yəni iki giqavatı aşan bir bərpa olunan enerji mənbəyi yaratmış olacağıq. 2020-ci ildən bəri xüsusilə işğaldan azad olunmuş ərazilərdə 300 meqavatlıq su-elektrik stansiyaları ana sistemə qoşulub və 500 meqavata yaxın külək və günəş elektrik stansiyaları artıq fəaliyyətdədir. Bu rəqəmi təqribən 2027-2028-ci illərdə 2000 meqavatın üzərinə çıxaracağıq. 2030-cu ildən 2032-ci ilə kimi həm ixrac, həm daxili istehlak üçün olan istehsalatımız 6-8 giqavat ətrafında olacaq.

- Enerji böhranı fonunda Azərbaycanın Avropaya qaz ixracını daha da artırması planlaşdırılırmı?

- Trans-Adriatik Qaz Boru Kəmərində (TAP) artıq genişlənmə gerçəkləşib. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı ilə enerji sahəsində imzalanmış bir memorandum var (2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb - müəl.). Bu əsasda Azərbaycan qaz istehsalının artırılmasını öz üzərinə götürə bilər. Ancaq bu, uzunmüddətli alış qarantiyası və baha olmayan maliyyə dəstəyi ilə gerçəkləşə bilər. 2022-ci ildə imzalanan Anlaşma Memorandumunun mahiyyəti də bu idi ki, Azərbaycanla Avropa İttifaqı birgə işləyir, onlar bizə uzunmüddətli alış qarantiyaları verirlər, özlərinin maliyyə resurslarına əlçatanlıq təmin edirlər. Azərbaycan da var olan və yeni qaz mənbələrini inkişaf etdirir və hər iki tərəfin töhfəsi ilə dayanıqlı əməkdaşlıq yaranır. Nəticədə tərəflər faydalanır. Azərbaycan hazırda sözünü üzərində durur, Avropanı yetəri qədər qazla təmin edir. Hər iki tərəf qarşılıqlı olaraq öhdəliklərini həyata keçirsələr, genişlənmə də müsbət nəticələnər.

- Son olaraq, iyun ayında Azərbaycanda keçiriləcək Bakı Enerji Həftəsində Balkan ölkələrinin iştirakı barədə məlumat almaq istərdik. Kimlərin iştirak edəcəyi məlumdurmu?

- Hazırda məktublar daxil olmağa davam edir, təsdiq prosesi son anda olur. Amma onu deyə bilərəm ki, enerji həftəsinin uğurları heç də ötən ilkilərdən geri qalmayacaq.

Xəbər lenti