IMG-LOGO

Bakı, Astana və Daşkənd "UEW 2026" çərçivəsində "yaşıl enerji" dəhlizinin inkişafını müzakirə edib

13 May 2026 09:01 3 baxış
IMG

Azərbaycan, Qazaxıstan və Özbəkistan Daşkənddə keçirilən "UEW 2026" Beynəlxalq Enerji Forumu çərçivəsində "Green Corridor Alliance" layihəsinin həyata keçirilməsini müzakirə edib.

Bu barədə "Report"un Qazaxıstan bürosu bu ölkənin Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüş hər üç ölkənin energetika qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilib. Tərəflər Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında "yaşıl enerji"nin istehsalı və ötürülməsinin inkişafına yönəlmiş layihənin icrasının hazırkı vəziyyətini müzakirə ediblər.

Qazaxıstanın energetika nazirinin müavini Bakıtcan İlyas qeyd edib ki, Bakıda keçirilən COP29 konfransı çərçivəsində üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış saziş dayanıqlı enerji dəhlizinin formalaşdırılması və ekoloji təmiz elektrik enerjisi ticarətinin genişləndirilməsi üçün əsas yaradır. Layihə bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadəni, sistemlərarası enerji əlaqələrinin inkişafını, həmçinin "yaşıl elektrik enerjisi"nin Avropaya və digər regionlara ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutur.

Görüş iştirakçıları enerji infrastrukturunun genişləndirilməsi və Mərkəzi Asiya ilə Cənubi Qafqazın enerji sistemlərinin inteqrasiyası üçün yeni elektrik verilişi xəttlərinin inkişafı məsələlərinə xüsusi diqqət yetiriblər. Görüş iştirakçıları həmçinin layihənin gələcək irəliləyişində və transregional "yaşıl enerji" dəhlizinin inkişafı üzrə birgə fəaliyyətlərin koordinasiyasının davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Qazaxıstanın Energetika Nazirliyindən xatırladılıb ki, aprelin 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sazişin ratifikasiyası haqqında qanunu imzalayaraq ölkənin regionun dayanıqlı və qarşılıqlı əlaqəli enerji infrastrukturunun inkişafına sadiqliyini təsdiqləyib.

Xəbər lenti