Azərbaycanda maliyyə xidmətlərinə çıxışla bağlı vəziyyət yaxşıdır.
"Report" xəbər verir ki, bunu Dünya Bankının Baş Ölkə İqtisadçısı Steve Loris Gui-Dibi bildirib.
Onun sözlərinə görə, bu sahədə müsbət tendensiya görünür: "Azərbaycan tənzimləyici çərçivə üzrə 87 balla ön sıralara yaxındır, həmçinin bu xidmətlərə çıxışda da (istər kredit məlumatları, istərsə də borcalanlar haqqında məlumatlara çıxış və s. olsun) vəziyyət yaxşıdır".
İqtisadçı qeyd edib ki, Azərbaycan biznes tənzimləmələri (tənzimləyici çərçivə) baxımından ilk 40 %-lik, əməliyyat səmərəliliyi baxımından isə ilk 60 %-lik qrupdadır: "Əməliyyat səmərəliliyi ümumilikdə xərclərin nə qədər olduğunu ifadə edir. Lakin mərhələ-mərhələ - girişdən biznesin iflasına qədər böldükdə görürük ki, potensial inkişaf üçün bəzi sahələrimiz var: bazar rəqabəti və biznesin iflası sahələrində bal 50 %-dən xeyli aşağıdır və Azərbaycanın burada təkmilləşməyə ehtiyacı var".
Bundan başqa, o, əlavə edib ki, Azərbaycanda bazar rəqabəti zəiflik dövrünü yaşayır: "Bu, təkmilləşdirilməli nöqtədir: Qlobal səviyyədə digər indekslər də bunu təsdiqləyir, Azərbaycanda rəqabətin problem olduğunu göstərir. Birləşmələrin nəzərdən keçirilməsi və rəqiblərin davranışı ilə bağlı problemlər var. Birləşmə təkliflərini nəzərdən keçirmək üçün potensial, institutlar varmı? Bu sahə zəifdir. Bu sahədə baş verənlər haqqında daha çox məlumata və şəffaflığa ehtiyacımız var. Dövlət satınalmaları həm də rəqabətin əksidir. Yaxşı satınalma təcrübələri və sistemləri gördükdə, bu, bütün iqtisadiyyata yayılır. Rəqabətin problem olduğu bazarda fəaliyyət göstərən firmanın məhsuldarlığı aşağı olur. Əgər qiymətlər tənzimlənirsə, əgər müştəri itirmədən qiymətləri qaldıra bilən bir neçə oyunçu varsa bu, rəqabətin problem olduğu anlamına gəlir. Ancaq, xarici investorların payı ən azı 10% olan firmanın məhsuldarlığı yüksək olur. Azərbaycan birbaşa xarici investisiyalar cəlb etmək üçün irəli addım atmalı və digərlərindən fərqlənməlidir".
Dünya Bankının rəsmisi diqqəti həm də Azərbaycanda sərhədlərarası ticarətə yönəldir və bu sahədə vəziyyətin qənaətbəxş olmadığını bildirib: "B, xammal ixrac və yaxud idxal edən firmalar üçün vacibdir, çünki uyğunluq xərclərini, uyğunluq vaxtını və malların alınması prosesini uzada bilən qeyri-tarif tədbirlərini əks etdirir. Bununla belə, sərhəddə beynəlxalq ticarət üçün hələ də təkmilləşdirmə imkanları var. Ümumilikdə Azərbaycanın beynəlxalq ticarəti o qədər də pis deyil".