Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.
"Report" xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit 1 yanvar 2023-cü il tarixindən 1 oktyabr 2025-ci ilə qədər dövrü əhatə edib və ümumilikdə 10,7 milyon manat vəsaiti əhatə edib.
Audit nəticəsində müəyyən olunub ki, Ali Məhkəmədə 3 şöbə yaradılarkən minimum tələb olunan 8 ştat vahidi əvəzinə 3-4 ştat vahidi ilə formalaşdırılıb və nəticədə şöbə müdirlərinə 139 min 540,5 manat artıq vəsait hesablanıb.
Bundan başqa, 3 hakimə 37 589 manat müalicə pulu ödənilib, həmçinin hakimlərə məzuniyyət haqqı hesablanarkən əlavə ödənişlər nəzərə alınmaqla 25 418 manat artıq vəsait hesablanıb.
Audit zamanı müəyyən edilib ki, dövlət qulluqçularına mükafatlandırma üçün nəzərdə tutulmuş vəsait bitdiyindən hakimlər üçün ayrılmış vəsaitdən 80 565 manat istifadə olunub, eləcə də müqavilə ilə işləyən 4 nəfər əməkdaşa 13 950 manat mükafat ödənilib.
Hesabatda qeyd olunub ki, ezamiyyə xərcləri üzrə 1 810 manat, yanacaq xərcləri üzrə isə əlavə olaraq 723 manat vəsait artıq silinib, həmçinin 2024-cü ilin oktyabrından 2025-ci ilin dekabrınadək 2 162 manat dəyərində 1 351,1 litr artıq benzin sərf edilib.
Satınalmalar sahəsində də ciddi pozuntular aşkarlanıb. Belə ki, 5 halda satınalma prosedurları keçirilmədən 31 115 manat məbləğində birbaşa müqavilələr bağlanıb, 5 halda isə 106 686 manat dəyərində satınalma elektron portal vasitəsilə həyata keçirilməyib. Eyni zamanda, 10 halda 220 144 manat məbləğində satınalma ehtimal olunan qiymət alınmadan, 7 halda isə 108 647 manat məbləğində satınalma uyğunluq göstəriciləri olmadan həyata keçirilib.
Bundan əlavə, 2024-cü ildə 83 000 manat dəyərində "Toyota Avalon" markalı minik avtomobilinin bazar qiymətindən 13 640 manat baha alındığı və 14 940 manat ƏDV-nin ödənilmədiyi müəyyən edilib.
Audit zamanı həmçinin 9 844 manat dəyərində 15 adda inventarın çatışmadığı aşkarlanıb.
Hesablama Palatası qeyd edib ki, aşkar olunmuş nöqsanlar dövlət vəsaitlərinin və dövlət əmlakının istifadəsi, satınalmaların təşkili və maliyyə hesabatlarının tərtibi sahəsində mövcud qanunvericiliyin tələblərinə tam əməl olunmadığını göstərir.