IMG-LOGO

Göydə neçə ulduz görmək olur?

21 Apr 2026 14:45 4 baxış
IMG
0 0

Yay gecələrində bir çox insan otların üzərinə uzanaraq səmadakı ulduzları saymağa çalışıb. Lakin demək olar ki, hər dəfə bu cəhdlərin nəticəsi eyni olub, ulduzları saymaq mümkün deyil. Astronomlar isə bu suala çoxdan cavab tapıblar. Mütəxəssislərin hesablamalarına görə, insan gözünün görə bildiyi ulduzların sayı düşündüyümüzdən xeyli azdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ideal şəraitdə, şəhər işıqlarından uzaqda və Ay olmayan gecədə insan təxminən 6 min ulduzu görə bilər. Ancaq bu rəqəm bütün səma üçün nəzərdə tutulub. Yer üzündən eyni anda yalnız səmanın yarısı göründüyü üçün real maksimum göstərici təxminən 3 min ulduzdur.

Ekspertlər bildirirlər ki, şəhər mühitində bu rəqəm dəfələrlə azalır. İşıq çirklənməsi hətta ən parlaq ulduzları belə gizlədir. Böyük şəhərlərdə bəzən cəmi 20-30 ulduz görünür və bu, görmə qabiliyyəti ilə deyil, süni işıqlandırmanın çoxluğu ilə bağlıdır.

İnsan gözü yalnız altıncı ulduz böyüklüyünə qədər olan ulduzları ayırd edə bilir. Daha zəif işıq saçan ulduzlar isə fonarların işığında itib gedir.

Teleskoplar bu imkanları xeyli genişləndirərək yüz minlərlə səma cismini müşahidə etməyə şərait yaradır. Bununla belə, alimlər vurğulayır ki, səmada gördüyümüz ulduzlar qalaktikamızın çox kiçik bir hissəsidir. Süd Yolu qalaktikasında yüz milyardlarla ulduz mövcuddur.

Lakin onların hamısını görmək mümkün deyil, çünki uzaq ulduzların işığı Yerə çatdıqda çox zəif olur.

Bəzən insanlar ulduzları süni peyklərlə səhv salır. Peyklər daha sürətli hərəkət edir və işıqları daha sabit görünür. Eyni zamanda, Venera, Mars və Yupiter kimi planetlər də tez-tez parlaq ulduz kimi qəbul edilir.

Astronomlar tövsiyə edir ki, səmanı müşahidə etmək üçün şəhərdən uzaq, işıq çirklənməsinin az olduğu və Ayın görünmədiyi gecələr seçilsin. Belə şəraitdə ulduzlar daha aydın görünür, Süd Yolu isə daha nəzərəçarpan olur.

Mütəxəssislərin fikrincə, insan səmada əslində nə qədər ulduz görə bildiyini anladıqda, gecə səması artıq xaotik görünmür, əksinə, yenidən araşdırmaq istədiyimiz bir xəritəyə çevrilir.

səmada neçə ulduz var?

Xəbər lenti