Avropa İttifaqı (Aİ) davam edən mina təhlükəsi fonunda Azərbaycanda humanitar minatəmizləməyə dəstəyin genişləndirilməsini nəzərdən keçirməyə hazırdır.
Bu barədə "Report"un Avropa bürosuna Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibi Anita Hipper bildirib.
O, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Muğan Mətilinin həlak olması ilə əlaqədar başsağlığı verərək, faciənin minaların təhlükəsini bir daha ön plana çıxardığını qeyd edib.
"Biz ruhən bu həftə həlak olmuş ANAMA əməkdaşının ailəsiyləyik. Bu, minaların hərbi əməliyyatlardan çox-çox kənarda da dağıdıcı təsir göstərdiyinə dair faciəvi bir xatırlatmadır. Onlar münaqişə başa çatdıqdan uzun müddət sonra belə dinc sakinləri öldürməyə və yaralamağa davam edir", - o qeyd edib.
Hipperin sözlərinə görə, həlak olan Muğan Mətili cəsarət nümayiş etdirib, baş verənlər isə minatəmizləyənlərin hər gün qarşılaşdıqları riskləri bir daha xatırladıb.
"Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri "Team Europe" təşəbbüsü çərçivəsində Azərbaycanda humanitar minatəmizləmə sahəsində aparıcı donorlardır və artıq təxminən 22 milyon avro vəsait ayırıblar. Minatəmizləmə işləri məcburi köçkünlərin təhlükəsiz qayıdışı, infrastrukturun bərpası və yerli iqtisadiyyatın canlanması üçün həlledici əhəmiyyətə malikdir - bu, sülh prosesinin irəliləməsi yolunda əvəzedilməz bir addımdır", - o qeyd edib.
Aİ-də həmçinin dəstəyi davam etdirməyə və gücləndirməyə hazır olduqlarını bəyan ediblər. "Biz Aİ alətlərindən istifadə edərək əlavə yardım göstərməyə və minalardan azad təhlükəsiz mühitin yaradılmasına kömək etməyə hazırıq", - Aİ nümayəndəsi əlavə edib.
Qarabağda baş vermiş növbəti faciəvi hadisədən sonra bəyanat verilib: aprelin 14-də ANAMA əməkdaşı Mətili Muğan Rəfail oğlu (1995-ci il təvəllüdlü) xidməti vəzifələrini yerinə yetirərkən tankəleyhinə minanın partlaması nəticəsində həlak olub. 2020-ci ildə münaqişənin başa çatmasından bəri 422 nəfər mina qurbanı olub.
Azərbaycan XİN öz növbəsində beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə sahəsində dəstəyi fəallaşdırmağa bir daha çağırıb.