Son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Bildirilib ki, 11 oktyabr 2026-cı il tarixində Fransada yüzlərlə supermarketin bu hücumlardan zərər çəkdiyi, 2 noyabr tarixində isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir. Təhlükənin təsir dairəsi ticarət sektoru ilə məhdudlaşmır. Fransanın qan banklarından birində istifadə olunan soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu cür hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.
Hücumlar zamanı kiberdələduzlar soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək onları əridilmə (defrost) rejiminə keçirir və ya temperatur göstəricilərini 50°C-dək yüksəldirlər. İnsidentlərin əsasən gecə saatlarında baş verməsi müdaxilənin səhər saatlarınadək aşkarlanmamasına, nəticədə isə saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olur.
Hücumların əsas hədəfləri internet üzərindən birbaşa əlçatan olan idarəetmə interfeysləridir. Bu çərçivədə istehsalçı dəstəyini itirmiş "Danfoss AK-SM 800" və "AK-SC 355" modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən "AK-SM 800A" kontrollerləri, eləcə də "Copeland XWEB" və "Dixell XWEB" sistemləri diqqət mərkəzindədir. İlkin qiymətləndirmələrə əsasən, insidentlərə səbəb olan əsas zəifliklər arasında standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi yer alır.
Bu cür müdaxilələrin nəticələri yalnız maddi itkilərlə məhdudlaşmır. Temperatur rejiminin pozulması avadanlıqların sıradan çıxmasına, yanğın riskinin yaranmasına, həmçinin dərman vasitələrinin və digər tibbi məhsulların tələb olunan saxlanma şəraitinin pozulmasına səbəb ola bilər.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə soyutma sistemlərinə yönəlmiş kiberhücum riskəri ilə bağlı ehtiyatlı olmağa çağırır.
Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi tövsiyə olunur:
• İdarəetmə interfeyslərinin internet üzərindən birbaşa əlçatanlığı məhdudlaşdırılmalı, uzaqdan giriş yalnız təhlükəsiz kanallar vasitəsilə təmin edilməlidir.
• Standart istifadəçi adı və şifrlər dəyişdirilməli, mürəkkəb və unikal giriş məlumatlarından istifadə olunmalıdır.
• Proqram təminatı və avadanlıqlar mütəmadi olaraq yenilənməli, istehsalçı dəstəyi dayandırılmış sistemlərin əvəzlənməsi planlaşdırılmalıdır.
• İdarəetmə sistemlərinə girişlər və əməliyyatlar davamlı monitorinq edilməli, qeyri-adi fəaliyyətlər vaxtında aşkarlanmalıdır.
• Temperatur göstəricilərində kəskin dəyişikliklər barədə xəbərdarlıq mexanizmləri qurulmalı, ehtiyat nəzarət və müdaxilə prosedurları hazırlanmalıdır.
Mənbə: report.az