IMG-LOGO

Maykl Ceksonun qızı atasının 600 milyon dollarlıq mirasını tələb edir

04 Nov 2026 17:21 2 baxış
IMG
8 0

Dünya şöhrətli müğənni Maykl Ceksonun 28 yaşlı qızı Paris Cekson atasının mirası ilə bağlı məhkəməyə müraciət edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris Los-Anceles Ali Məhkəməsinə təqdim etdiyi iddiada atasından qalan mirasın 600 milyon dollarının ailə etimad fonduna köçürülməsini tələb edib.

O, atasının vəsiyyətnaməsinin icrasına məsul olan Con Brankanı özünün və qardaşlarının miras paylarını qanunsuz şəkildə saxlamasında ittiham edib. Paris iddia edir ki, Branka varisləri tam nəzarət altında saxlayır, ödənişlərin vaxtını və məbləğini təkbaşına müəyyənləşdirir.

Pop kralının vəsiyyətnaməsinə əsasən, onun övladları – Paris, 29 yaşlı Prins və 24 yaşlı Bigi 21 yaşlarından etibarən etimad fondundakı paylarından gəlir əldə etməli idilər. Onlar 30 yaşında əsas miras paylarının üçdəbirini, 35 yaşında qalan vəsaitin yarısını, 40 yaşında isə bütün qalıq məbləği almalıdırlar.

Lakin Paris Cekson bu şərtlərə əməl olunmadığını, qanuni olaraq almalı olduqları vəsaitlərin əvəzinə Brankanın öz istəyi ilə müəyyənləşdirdiyi məbləğlərin ödənildiyini bildirib.

İddia ərizəsində qeyd olunub ki, Paris mirasın idarə olunmasına etiraz etməyə başladıqdan sonra məhkəmə çəkişmələri, ictimai hücumlar və ödənişlərin azaldılması ilə üzləşib. Maykl Ceksonun mirasını idarə edən qurumun nümayəndələri isə ittihamları rədd ediblər. Onların sözlərinə görə, varislərə indiyədək 200 milyon dollardan artıq vəsait ödənilib.

Nümayəndələr bildiriblər ki, ABŞ Vergi Xidməti (IRS) ilə davam edən vergi mübahisəsinə görə etimad fondlarına və xeyriyyə fonduna bütün vəsaitlərin köçürülməsi hələlik mümkün deyil. Sözügedən mübahisə çərçivəsində ilkin olaraq 700 milyon dollar tələb olunub.

Məhkəmə sənədlərinə əsasən, 2024-cü ilin sonuna Maykl Ceksonun mirasını idarə edən qurumun sərəncamında təxminən 850 milyon dollar nağd vəsait olub. Ümumi mirasın dəyəri isə 2-3 milyard dollar arasında qiymətləndirilir.

İş üzrə məhkəmə iclasının dekabr ayında keçirilməsi nəzərdə tutulur.

Maykl Cekson miras qalmaqalı məhkəmə

Mənbə: lent.az

Xəbər lenti