Azərbaycanın işğaldan azad olunmuş ərazilərində özəl sektor tərəfindən 1 300-dən artıq layihə reallaşdırılır.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafının əsas prioritetlərindən birini təşkil edən işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində fəaliyyətlər uğurla davam etdirilir: "Hazırda qarşıda duran əsas məqsəd Böyük Qayıdışın iqtisadi təməlini möhkəmləndirmək, istehsal həcmini və məşğulluq imkanlarını genişləndirməkdir. Ağdam və Araz Vadisi İqtisadi zonalarının sənaye parklarında 60 sahibkarlıq subyekti qeydiyyata alınıb və təqribən 3 milyard manat dəyərində məhsul buraxılışı təmin edilib. Ümumi hesabla, həmin ərazilərdə özəl sektor tərəfindən 1 300-dən çox layihə icra olunur".
Mənbə: report.az