Bu gün maliyyə nazirinin I müavini Anar Kərimov Dünya Bankının enerji üzrə baş mütəxəssisləri, hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin və yeni tapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerji sektoru üzrə missiya heyəti ilə görüşüb.
"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə Dünya Bankının "Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)" layihəsinin icrası ilə bağlı Azərbaycana göstərdiyi dəstək, eləcə də Azərbaycan hökuməti ilə Dünya Bankı arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən texniki yardım üzrə əldə olunmuş nəticələr müzakirə edilib.
A.Kərimov Azərbaycanla Dünya Bankı arasında 30 ildən çox davam edən uğurlu əməkdaşlığın Bankı ölkəmizin əsas inkişaf tərəfdaşlarından birinə çevirdiyini qeyd edib. O, bu əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət daşıyan AZURE layihəsinin "Masdar" şirkətinin inşa etdiyi 1 QVt gücündə günəş-külək elektrik stansiyalarının milli enerji sisteminə inteqrasiyasını təmin etməklə ötürücü şəbəkənin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.
"AZURE" layihəsi çərçivəsində Batareya Enerji Saxlama Sistemlərinin (BESS) maliyyələşdirilməsi perspektivinə toxunan nazir müavini bu təşəbbüsün şəbəkə çevikliyinin artırılması, bərpa olunan enerji mənbələrinin daha geniş miqyasda inteqrasiyası və ümumi şəbəkə dayanıqlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Öz növbəsində Dünya Bankının nümayəndələri ölkəmizlə enerji sektorunda əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, elektrik şəbəkəsinin modernləşdirilməsi, tarif islahatları və dənizdə külək enerjisinin inkişafı istiqamətlərində texniki dəstəyin davam etdiriləcəyini qeyd ediblər. Eyni zamanda, texniki yardım nəticələrinin daha dayanıqlı və səmərəli investisiya layihələrinə çevrilməsinin, eləcə də aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin, növbəti mərhələdə prioritet investisiya istiqamətlərinin müəyyənləşdirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı və Bank ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.