Hökumətlərarası komissiyalar ikitərəfli əməkdaşlığın inkişafı üçün səmərəli mexanizmlərdən biridir və Azərbaycan da bu formatdan fəal istifadə edir. Bu gün, aprelin 15-də Şuşada keçiriləcək Azərbaycan-Latviya Hökumətlərarası Komssiyasının iclası da qeyd olunanları təsdiq edir.
Latviya tərəfindən komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Armands Krauze iclas ərəfəsində "Report"a verdiyi müsahibədə ikitərəfli əməkdaşlığın perspektivləri, aqrar sahədə Latviya-Azərbaycan münasibətlərinin potensialı, eləcə də gündəlikdə duran əsas məsələlər barədə danışıb.
- Ölkələrimiz arasında mövcud iqtisadi və siyasi münasibətləri necə qiymətləndirirsiniz?
- Latviya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir və yüksək səviyyədədir. Lakin Rusiya-Ukrayna müharibəsi ilə bağlı cari vəziyyət, şübhəsiz ki, əməkdaşlığı çətinləşdirir və ölkələrimizin xüsusilə iqtisadi sahədə, o cümlədən ticarət sahəsində daha da yaxınlaşmasına mane olur.
Buna baxmayaraq, biz qarşılıqlı ticarətin inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar axtarışındayıq. Eyni zamanda, bir sıra digər istiqamətlərdə hökumətlərarası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsində son dərəcə maraqlıyıq - bu, bizim üçün prinsipial əhəmiyyət kəsb edir.
Yeni texnologiyalar, elm və təhsil sahəsində mübadilə əməkdaşlığımızı fəal şəkildə inkişaf etdirə biləcəyimiz perspektivli istiqamətlərdir. Bu istiqamətlər xarici məhdudiyyətlərə, o cümlədən hərbi münaqişələrin təsirinə daha az məruz qalır ki, bu da tərəfdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar açır.
- Hökumətlərarası Komissiyanın iclasında hansı məsələlər müzakirə olunacaq və tərəflərin 2026-2027-ci illərdə iqtisadi əməkdaşlığın inkişafına dair nə kimi planları var? Qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün hansı addımların atılması planlaşdırılır və bu, hansı sektorlar hesabına mümkündür?
- Kənd təsərrüfatı naziri olaraq mən, şübhəsiz ki, aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıyam. Lakin hesab edirəm ki, qarşılıqlı əlaqələrimiz yalnız bu sahə ilə məhdudlaşmayacaq.
Latviyada meşə sektoru da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Mənə məlumdur ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur - red.) meşələrin bərpası üzrə genişmiqyaslı planlar həyata keçirir. Bilirəm ki, bu, ölkəniz üçün son dərəcə vacib istiqamətdir və bu ərazilərdə təbii ekosistemlərin və meşə ehtiyatlarının bərpasına kömək etmək üçün əməkdaşlığı inkişaf etdirməyə hazırıq.
Bundan başqa, biz bu yaxınlarda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində olan balıqçılıq sektorunda əməkdaşlıq məsələlərini müzakirə etdik. Latviyada da bu sektor tarixən analoji strukturun idarəçiliyindədir. Birgə fəaliyyət üçün perspektivli istiqamətlər mövcuddur. Xüsusilə, bir çox ekspertlərin fikrincə, gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayacaq akvakultura sahəsi bu baxımdan böyük əhəmiyyət kəsb edir.
İqtisadi əməkdaşlığın geniş spektri sənaye, maliyyə və təhsil sahələri ilə yanaşı, müdafiə sənayesi müəssisələri arasında qarşılıqlı fəaliyyət imkanlarını da əhatə edir. Hazırda Azərbaycan və Latviyanın ali təhsil müəssisələrində hər iki ölkədən 500-ə yaxın tələbə təhsil alır və bu mübadilənin daha da inkişaf etdirilməsi üçün böyük potensial var.
Bütün bunlar ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın qurulması üçün möhkəm zəmin formalaşdırır.
- Siz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində meşələrin bərpası mövzusuna toxundunuz. Latviya bu prosesə töhfə vermək üçün konkret olaraq hansı təcrübə və praktiki həll yollarını bölüşə bilər?
- Artıq qeyd etdiyim kimi, meşə sektoru inzibati olaraq kənd təsərrüfatı sahəsinə aiddir və biz ting istehsalı üzrə birgə müəssisənin yaradılması imkanını nəzərdən keçirməkdə maraqlıyıq. Bu, Azərbaycana meşələri daha sürətlə və az xərclə bərpa etməyə imkan verər. Bu, həqiqətən vacib sahədir.
Ağac növlərindəki fərqlərə baxmayaraq, tinglərin yetişdirilməsi və meşələrin bərpası texnologiyaları bir çox cəhətdən universaldır. Məhz bu sahədə səmərəli əməkdaşlıq üçün böyük potensial görürük.
Kənd təsərrüfatı sahəsində (bu ərazilərdə yetişdirilən - red.) yüksək keyfiyyətli meyvə və tərəvəzlərinizin də Latviya bazarına daxil olmasını səbirsizliklə gözləyirik. Latviyada məhsul mövsümü çox qısadır və meyvə-tərəvəzlər fərqlənir. Sizdə isə əksinə, mövsüm çox uzundur və məhsullarınız keyfiyyətlidir - artıq onları xaricə ixrac edirsiniz.
Hesab edirəm ki, Azərbaycanın meyvə və tərəvəzinin Latviyaya tədarükünün artırılması üçün əhəmiyyətli potensial mövcuddur. Məsələn, bu gün pomidor İspaniyadan idxal olunur, bu, logistikanın daha uzun olması ilə bağlıdır - məsafə hətta Latviya ilə Azərbaycan arasındakı məsafədən də çoxdur. Bu baxımdan əməkdaşlıq imkanları olduqca perspektivli görünür.
- Azərbaycan və Latviya böyük turizm potensialına malikdir. Bu kontekstdə tərəflər qeyd olunan sahədə əməkdaşlığı genişləndirməyi, qarşılıqlı turist axınını artırmağı və birbaşa uçuşlara başlamağı planlaşdırırmı?
- Bütün bu məsələlər əsas müzakirə mövzularımızdan biridir. Turizmin inkişafı üçün Riqadan Bakıya birbaşa uçuşlar lazımdır. Əvvəllər birbaşa reyslər olub və bu gün (çərşənbə axşamı - red.) keçirilən bütün görüşlərdə bu məsələni qaldırdıq. Bu reyslərin rentabelliyini müəyyən etmək üçün qərara gəldik ki, daha dərin iqtisadi qiymətləndirmə aparılmalıdır.
Bu məsələnin iki aspekti var: ölkələrimiz arasında turizmin inkişafı və hava nəqliyyatı ilə yük daşımaları.
- Tullantıların emalı sahəsində Azərbaycanla əməkdaşlıq üçün potensial varmı?
- Əlbəttə, var. Mən Bakıda COP29 iqlim konfransında (2024-cü ilin noyabrında - red.) iştirak etmişəm, tədbirdə ölkəmizin özəl şirkətlərinin nümayəndələri də var idi. Bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümid edirik. Dövlət də öz tərəfindən zəruri dəstəyi göstərməyə hazırdır.
Bu, həqiqətən vacib istiqamətdir, çünki tullantıların idarə olunması birgə həll yolları tələb edən qlobal problemlərdən biri olaraq qalmaqdadır.
- Azərbaycan üçün suyun səmərəli istifadəsi məsələsi kritik əhəmiyyətə malikdir. Latviya şirkətlərinin Azərbaycanda tətbiq oluna biləcək hazır texnologiyaları varmı?
- Bu, bizim üçün o qədər də xarakterik mövzu deyil, çünki sizin əksər regionlarınızda daha çox suya ehtiyac var, Latviyada isə su çoxdur. Biz kənd təsərrüfatında suvarmadan yox, artıq suyun kənarlaşdırılması üçün meliorasiyadan istifadə edirik.
Məsələn, ötən il Latviyada o qədər güclü yağışlar yağdı ki, fermerlər buğdanı yığa bilmədilər. Bəzi regionlarda bir ay ərzində yağıntının miqdarı təxminən 200 millimetrə çatdı.
Bununla belə, düşünürəm ki, bu sahədə laboratoriya səviyyəsində, suyun keyfiyyəti və təbii suların təmizliyinin qorunması üçün dayanıqlı kənd təsərrüfatı üsulları sahəsində əməkdaşlıq potensialı var. Lakin kənd təsərrüfatında su təchizatına gəlincə, bu, tamamilə fərqli məsələdir - sizə suvarma, bizə isə drenaj lazımdır.
- Hökumətlərarası Komissiyanın iclasları ənənəvi olaraq yüksək səviyyəli səfərlər ərəfəsində keçirilir. Yaxın vaxtlarda Latviya Prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Səfərin dəqiq vaxtı müəyyən edilibmi?
- Bəli, yüksək səviyyəli səfər gələn həftəyə planlaşdırılıb. Latviya Prezidenti Edqars Rinkeviçsin çərşənbə günü (22 aprel - red.) Azərbaycana səfərə gələcəyi gözlənilir.





