Moldova 2027-ci il aprelin 8-də Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacaq.
"Report" Moldova mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mixay Popşoy bildirib.
Qərar təşkilatın Minskdəki katibliyinə 2026-cı il aprelin 8-də göndərilmiş rəsmi bildirişdən 12 ay keçdikdən sonra qüvvəyə minəcək.
"Müvafiq sazişlərin denonsasiyası elan edildikdən və aprelin 8-də rəsmi qəzetdə dərc olunduqdan sonra Minskdəki katibliyə bildiriş göndərildi və biz bildirişimizin alındığına dair təsdiq aldıq", - Popşoy deyib.
O vurğulayıb ki, formal baxımdan, beynəlxalq hüquqa uyğun olaraq, Moldova bildirişdən bir il sonra MDB-nin üzvü olmağı dayandıracaq. Bununla belə, onun sözlərinə görə, praktikada Kişinyovun təşkilatla münasibətləri artıq bir neçə ildir ki, faktiki olaraq yoxdur.
Daha əvvəl MDB-nin yaradılması haqqında sazişin, eləcə də müşayiətedici sənədlərin denonsasiyası barədə qərarlar Moldova Prezidenti Maya Sandu tərəfindən imzalanıb və aprelin 8-də rəsmi qəzetdə dərc edilib.