İnsan arıqlamaq qərarına gələn kimi ətrafında saysız-hesabsız məsləhətlər yaranır, mürəkkəb pəhrizlərdən tutmuş qeyri-adi metodlara qədər. Halbuki ən sadə və təsirli üsullardan biri elə bir stəkan sudadır və bir çoxları bunun əhəmiyyətini yetərincə qiymətləndirmir.
Lent.az xəbər verir ki, dietoloqların fikrincə, yeməkdən 20-30 dəqiqə əvvəl içilən su orqanizmin davranışına birbaşa təsir göstərir. Bu zaman mədə doluluq siqnalını daha erkən qəbul edir və iştah təbii şəkildə azalır. Nəticədə insan artıq kalori qəbul etmir və yalnız ehtiyacı qədər qida yeyir.
Mütəxəssislərin sözlərinə görə, su həm də həzm prosesini aktivləşdirir. Mədə qidanı qəbul etməyə hazır vəziyyətə gəlir, fermentlər vaxtında işə düşür və həzm daha effektiv baş verir. Əks halda, orqanizm susuzluğu aclıqla qarışdıra bilər və bu da artıq qidalanmaya səbəb olur.
Su maddələr mübadiləsinin sürətlənməsində də mühüm rol oynayır. Hətta yüngül susuzlaşma belə metabolizmi zəiflədir. Orqanizmdə kifayət qədər maye olduqda isə bədən daha səmərəli işləyir və kalorilər daha sürətlə sərf olunur.
Xüsusilə səhər saatlarında su içmək faydalı hesab olunur. Bu, yuxudan sonra orqanizmi oyadır və gün ərzində şirniyyata olan istəyi azalda bilər. Bəzi insanlar su əvəzinə çay və ya qəhvə içməyə üstünlük versə də, mütəxəssislər bunun eyni effekti vermədiyini vurğulayır. Çünki kofeinli içkilər sidikqovucu təsir göstərir və orqanizmdən mayenin çıxmasına səbəb olur.
Təmiz su isə kalorisizdir və maddələr mübadiləsinə mənfi müdaxilə etmir. Eyni zamanda porsiyalara nəzarət etməyə kömək edir, çünki insan daha tez toxluq hiss edir. Suyu yavaş-yavaş, kiçik qurtumlarla içmək bu təsiri daha da gücləndirir.
Bununla belə, yemək zamanı çox su içmək tövsiyə edilmir. Bu, mədə şirəsini durulaşdıraraq həzmi zəiflədə bilər. Ən doğru yanaşma suyu yeməkdən əvvəl və yeməkdən təxminən 20-30 dəqiqə sonra qəbul etməkdir.
Mütəxəssislər qeyd edir ki, su içməyi gündəlik vərdişə çevirdikdə çəki tədricən və təbii şəkildə azalır. Bu isə sərt pəhrizlərə ehtiyac qalmadan sağlam arıqlamağa imkan verir.
yeməkdən əvvəl su içmək pəhriz