IMG-LOGO

Aleksandar Vuçiç Serbiya ordusunun robotlaşdırılması strategiyasının hazırlanmasını təklif edib

15 Apr 2026 13:40 10 baxış
IMG

Serbiya Prezidenti Aleksandar Vuçiç ordunun robotlaşdırılması strategiyasının hazırlanmasını, həmçinin robotlaşdırılmış platformalarla təchiz olunmuş bölmənin yaradılmasını təklif edib.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Prezident bu gün Müdafiə Nazirliyi və Serbiya Ordusunun rəhbərliyi ilə keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

O qeyd edib ki, robotlaşdırılmış platformalarla təchiz olunmuş batalyon səviyyəli bölmənin yaradılmasını, xüsusi və kəşfiyyat bölmələrinin artilleriya və aviasiya atəşinin idarə olunması üçün hədəf koordinatlarının müəyyənləşdirilməsi üzrə təlimlərinin keçirilməsini, eləcə də digər bölmələrin dronlardan istifadə imkanlarının daha da genişləndirilməsini təklif edib.

A.Vuçiç bildirib ki, Serbiya yaxın günlərdə hərbi texnika alınması ilə bağlı böyük müqavilələr imzalayacaq:

"Dövlət yaxın günlərdə silahlanma və hərbi texnika alınması ilə bağlı böyük və mühüm müqavilələr imzalayacaq. Qarşıda bizi mühüm səfərlər və digər ölkələrlə əlavə müqavilələrin bağlanmasını gözləyirik. Ordumuz üçün böyük sifarişlər vermişik. Hərbi ehtiyatların vəziyyəti, şəxsi heyət və silah-sursatla təminat yanvar ayı ilə müqayisədə xeyli yaxşıdır".

Dövlət başçısı bəyan edib ki, Serbiya tərkibində elektron maneə törədici vasitələr, elektron hücum sistemləri, qoşun birləşmələrinin müdafiəsinə xidmət edən silah və texnika, habelə şəhərlərin, ən mühüm obyektlərin və infrastruktur qurğularının qorunmasına yönəlmiş vasitələr olan son dərəcə güclü çoxsəviyyəli hava hücumundan müdafiə sistemi formalaşdıracaq.

Xəbər lenti