Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, ölkə ərazisindən istifadə edilməklə beynəlxalq sanksiyalardan yayınma ilə bağlı indiyədək heç bir fakt qeydə alınmayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazir parlamentdə çıxışı zamanı vurğulayıb ki, hökumət sanksiya rejiminə əməl olunması üçün vaxtında və effektiv mexanizmlər formalaşdırıb və bu siyasət uğurla davam etdirilir.
Onun sözlərinə görə, buna baxmayaraq, ölkə bu mövzu ətrafında mütəmadi tənqid və hücumlarla üzləşir.
"Bu günə qədər Gürcüstan ərazisindən sanksiyalardan yayınma ilə bağlı heç bir dəlil yoxdur. Buna baxmayaraq, biz bu mövzu ilə bağlı davamlı fərziyələr eşidirik", – deyə nazir qeyd edib.
M.Boçorişvili əlavə edib ki, 2023-cü ilin iyununda Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyəti Gürcüstana səfər edib və tərəflər arasında intensiv dialoq aparılıb. Bu çərçivədə Gürcüstanın tətbiq etdiyi nəzarət mexanizmləri beynəlxalq tərəfdaşlara təqdim olunub və hazırda məlumat mübadiləsi davam edir.
Nazirin sözlərinə görə, sanksiyaların icrası istiqamətində konkret tədbirlər də görülüb. Belə ki, gömrük sərhədlərində icazə verilməyən yüklərlə bağlı 2777 hal qeydə alınıb, qeydiyyatdan keçmiş iqtisadi zonalarda isə 1950-dən çox ixrac və ya təkrar ixrac əməliyyatına icazə verilməyib. Həmçinin, 2022-ci ildən etibarən sanksiyalarla bağlı səbəblərdən 61 gəminin Gürcüstan limanlarına girişinə icazə verilməyib.
Nazir bildirib ki, bu göstəricilər Gürcüstanın beynəlxalq öhdəliklərə ciddi əməl etdiyini sübut edir. Bununla belə, onun sözlərinə görə, ölkə həm daxili, həm də xarici qüvvələr tərəfindən müxtəlif təzyiqlərlə üzləşməkdə davam edir.
"Gürcüstan milli maraqlarını, sülh və təhlükəsizliyini qorumaq üçün çətin geosiyasi şəraitdə fəaliyyət göstərir. Buna baxmayaraq, biz sabitliyi qorumağa və iqtisadi inkişaf üçün əlverişli mühit yaratmağa nail olmuşuq", – deyə Maka Boçorişvili vurğulayıb.