IMG-LOGO

Azərbaycan beynəlxalq hesabatda vergi məlumatı mübadiləsində yüksək nəticə əldə edib

14 Apr 2026 13:18 4 baxış
IMG

Azərbaycan vergi məqsədləri üçün məlumat mübadiləsi sahəsində beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, "Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum" "Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması" səviyyəsinin qiymətləndirilməsi üzrə yekun hesabatı təsdiq edib. Yekun hesabatda Azərbaycanın yüksək nəticə əldə etdiyi öz əksini tapıb. Bu nəticə Azərbaycanın beynəlxalq səviyyədə ən müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastruktura malik olduğunu bir daha sübut edir.

Qeyd edək ki, Qlobal Forum üzv ölkələrdə məxfilik və konfidensiallığın qorunması səviyyəsini mütəmadi olaraq qiymətləndirir. Azərbaycanda müvafiq sahədə vəziyyətin yoxlanılması məqsədilə ötən ilin fevralında təşkilatın qiymətləndiricilərinin Azərbaycana səfəri baş tutub.

Qiymətləndirmə prosesi zamanı informasiya təhlükəsizliyi və konfidensiallığın təmin olunması istiqamətində görülmüş tədbirlər, daxili prosedurların beynəlxalq standartlara uyğunluğu, həmçinin "Təhlükəsizlik Əməliyyatları Mərkəzi"nin (SOC) fəaliyyəti ekspertlər tərəfindən ətraflı şəkildə nəzərdən keçirilib. Məlumatların kiber müdaxilələrdən 24/7 rejimində qorunması və rəqəmsal ekosistemin dayanıqlığı baxımından SOC-un fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.

Azərbaycan 2013-cü il fevralın 26-da Qlobal Foruma üzv olmaqla bu sahədə beynəlxalq qiymətləndirmə prosesində iştirak öhdəliyini öz üzərinə götürüb.

Aparılmış qiymətləndirmənin nəticələri ölkədə vergi məqsədləri üçün beynəlxalq məlumat mübadiləsi sahəsində etibarlı, təhlükəsiz və yüksək kiber toxunulmazlığa malik sistemin formalaşdırıldığını bir daha təsdiq edir. Bu, həmçinin beynəlxalq öhdəliklərin icrası, tərəfdaş yurisdiksiyalarla qarşılıqlı etimadın möhkəmləndirilməsi və rəqəmsal məlumatların toxunulmazlığını təmin edən beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun fəaliyyətin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Azərbaycan bundan sonra da vergi məqsədləri üçün şəffaflıq, qabaqcıl rəqəmsal mühafizə texnologiyalarının tətbiqi və konfidensiallığın qorunması istiqamətində beynəlxalq standartların tətbiqini ardıcıl şəkildə davam etdirəcək.

Xəbər lenti