IMG-LOGO

"Qarabağ" "Bayer"i keçə biləcək? - Qurban Qurbanovdan açıqlama

10.03.2024 23:27 101 baxış
IMG

"Futbolçularımı təbrik edirəm. Bir az narahatlığım var idi. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Bu, meydanda hardasa hiss olundu. Bir az boşluqlarımız oldu. "Zirə" həmin fürsətlərdən istifadə edə bilmədi. Ümumən maraqlı oyun oldu və vacib 3 xal qazandıq".

Lent.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 26-cı turunun "Zirə" ilə oyunundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Kevin Medina uzun fasilədən sonra qayıtdı. O, tam olaraq hazırdı? - Yenidən yaşıl meydanlara döndüyü üçün sevinirik. Amma ağır idi. Öz optimal formasını qaytarmaq üçün bir az vaxt lazım olacaq. "Bayer"lə oyunda hansısa dəqiqələrdə lazım olsa, biləcəyik ki, Kevin var, istənilən an meydana çıxa bilər. Bu, bizim üçün üstünlükdür.

- Azarkeşlərin "Bizi finala çıxar" şüarı var idi. Buna münasibətiniz necədir? - Biz bu fikirlərdən uzaq olmalıyıq. Fikrimizi tam olaraq "Bayer"lə oyuna yönəltməliyik. Bəzən real olmayan bir şeydən danışmaq düzgün çıxmaz. İstənilən qalibiyyət bizim üçün sevincdir. Fikrimizi şüarlara, yazılara yönləndirməyək.

- Yassin Benzia və Juninyonun durumu necədir? - Benzia ilə bağlı hər şey normaldır. Juninyonun durumu isə düşündüyümüzdən daha yaxşıdır. Hələ qarşıda günlər var. Əsas heyətdə olmasa da, sonradan meydana girmək şansı var.

- Mərhələ keçmək şanslarını necə dəyərləndirirsiz? Nəzərə alsaq ki, Elvin və Julio Romao da meydanda olacaq... - Onların qayıtması üstünlükdür. Orada daha intizamlı olmalıyıq. Rəqib öz azarkeşlərinin önündə oynayır. Leverkuzendə temp buradakından daha yüksək olacaq. Buna dözməliyik. Sabahdan başlayaraq həmin oyuna hazırlaşacağıq. Futbolçular çox yorulub. Onların durumuna görə heyət quracağıq

- Avropada yaşayan türklər "Qarabağ"a dəstək kampaniyası başladıblar. Bu, sizə nə dərəcədə kömək edəcək? - Çox. Dəfələrlə demişəm ki, azarkeş futbolun inkişafı üçün səbəbdir. Futbolçu dəstəyi hiss edəndə daha güvənli, istəkli olur. Belə bir kampaniya başlayıbsa, onlara təşəkkür edirəm. Qardaşlarının yanında olurlar. Bizim Avropadakı oyunlarımızda öz azarkeşlərimizlə bərabər türklər də yanımızda olublar. Bu, bizim üçün böyük bir motivasiyadır.

- "Bayer"lə ilk oyundan öncə çox inamlı idiniz. Bunu nəticədə də gördük. Bəs indi nəyə inanırsınız? - Oyundan öncə keçirilən mətbuat konfransında deyərəm də. Əlbəttə ki, inam olmasa, heç meydana çıxmağa dəymir. Futbolçular inamı ilk olaraq məndə hiss etməlidir. Həmişə real baxmalıyıq. Çox yaxşı komandaya qarşı oynayacağıq. "Bayer" komplekt şəkildə güclüdür. Futbolçular bir-birini tamamlayır. Ən təhlükəlisi də odur ki, futbolçuları acdır. Böyük titullar əldə etmək istəyirlər. Eynilə baş məşqçiləri. Böyük futbolçu olub. Onun ambisiyası böyük məşqçi olmaqdır. Böyümək üçün böyüklərə qalib gəlmək lazımdır. İnam həmişə olacaq. Çalışacağıq ki, onlara qarşı yaxşı mübarizə aparaq. Oyunun sonuna qədər dözmək bizim üçün çox vacibdir. Buradakı matçın 70 dəqiqəsində Azərbaycan çempionatındakı 90 dəqiqəlik enerjini sərf etmişdik. Böyük futbol belədir. Bunu bir oyunda etmək olar. Bunun yorğunluğunu çıxarmaq üçün daha çox vaxt lazımdır. Orqanizm buna öyrəşməyib. Kloppun bir açıqlaması var. Bilirik ki, İngiltərə Premyer Liqası digər çempionatlardan fərqlidir. O demişdi ki, Çempionlar Liqası matçları daha çətin, ağır keçir. Məsuliyyət belədir. Orada hamı çox ciddi yanaşır. Biz məğlub ola bilərik. Amma böyük komandalara qarşı mübarizə aparmağı qarşımıza məqsəd qoymalıyıq. Bunu minimum edə biləcəyik.

- Almaniyaya səfər zamanı Xabi Alonsoya demişdiz ki, sizə Bundesliqanı, Avropa Liqasını qazanmağı arzulayıram. Yenə o fikirdə qalırsız? - Hə, qalıram. Ya o qazansın, ya da biz qazanaq. Bəli, demişdim. Düşünməzdim ki, yenə rəqib olarıq. Bir insan haqq etdiyini alırsa, buna ancaq sevinirəm. Alonsonun çox böyük futbolçu karyerası olub. Öz işinə əsl peşakar kimi yanaşır. Bu gün Bundesliqada 1-ci yerdə olmağa layiqdir. Avropa Liqasında qalib olsa, bunu haqq edir.

Xəbər lenti