IMG-LOGO

Şahzadə Diananın ölümündən bir gün əvvəl etdiyi zəngin sirri açıldı

30 Jul 2026 13:25 3 baxış
IMG
30 0

Şahzadə Diana faciəli ölümündən bir gün əvvəl uzun müddətdir danışmadığı yaxın rəfiqəsi Sara Ferqyusonla əlaqə yaratmaq istəyib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Diana ilə York hersoqinyası Sara Ferqyuson yalnız qohum deyil, həm də uzun illər səmimi dost olublar. Lakin şahzadənin ölümündən əvvəl onların münasibətlərində soyuqluq yaranıb və təxminən bir il danışmayıblar.

Sara Ferqyuson bu barədə 2011-ci ildə nəşr olunan “Saranı axtararkən: hersoqinyanın özünü tapma səyahəti” adlı avtobioqrafik kitabında yazıb. O, münasibətləri düzəltmək üçün Dianaya məktublar göndərdiyini, aralarındakı incikliyin tezliklə keçəcəyinə ümid etdiyini bildirib.

Məlumata görə, Diana ölümündən bir gün əvvəl ortaq tanışlarından birinə zəng edərək Sara ilə danışmaq istədiyini deyib. Şahzadə söhbət zamanı “O, qırmızısaçlı haradadır? Onunla danışmaq istəyirəm” sözlərini işlədib.

Sara Ferqyuson bu günədək aralarındakı dostluğun hansı səbəbdən pozulduğunu tam anlamadığını qeyd edib. Onun sözlərinə görə, Diana hansısa hadisədən inciyib və həmin dövrdə fikrini dəyişmək mümkün olmayıb. Onların qohumluğu Sara Ferqyusonun 1986-cı ildə şahzadə Endryu ilə evlənməsindən sonra yaranıb. Diana isə 1981-ci ildə şahzadə Çarlzla ailə qurub.

İki qadın uzun illər birlikdə polo yarışlarına, kral ailəsinin tədbirlərinə və bayram mərasimlərinə qatılıb. Onlar Milad tətilində Sandrinqemdə və illik paradlar zamanı kral ailəsinin balkonunda tez-tez bir yerdə görüntüləniblər.

Sara xatirələrində Diananı son dərəcə gözəl, zərif və mələk simalı qadın kimi təsvir edib. O, şahzadənin güclü yumor hissinə və insanları özünə cəlb edən gülüşə sahib olduğunu bildirib.

Ferqyusonun sözlərinə görə, Diana nə qədər böyük xalq sevgisinə sahib olduğunu və öz gözəlliyini tam dərk etməyib. Sara onun zarafatlarını, fərqli davranışlarını və təkrarsız xarakterini illər keçsə də unutmadığını vurğulayıb.

Qeyd edək ki, şahzadə Diana1997-ci il avqustun 31-də avtomobil qəzasında həyatını itirib.

şahzadə Diana

Mənbə: lent.az

Xəbər lenti