IMG-LOGO

Qiyamət çox yaxındır deyən yalançı PEYĞƏMBƏR - təriqətdəki qadınları zorla hamilə qoydu

09.03.2024 20:15 54 baxış
IMG

“Qiyamət günü çox yaxındır, İsa Məsih ikinci dəfə gələcək” dedi. Ona inananlar meşənin dərinliklərinə çəkildilər, məqsəd qarışqalar kimi işləmək və qurtuluşa nail olmaq idi. Elə nə oldusa, o vaxt oldu. Təriqət qadınlarını zorla hamilə qoyan, itaət etməyənlərə qan qusduran dələduzun əsl maskası üzə çıxıb. Heç kimin ağlına belə gəlməyən işgəncə üsullarından istifadə edən yalançı peyğəmbər sonunu öz əlləri ilə yazdı.

Lent.az xəbər verir ki, tarix son dərəcə azğın məzhəblərə, yalançı peyğəmbərlərə, dünyanın sonu gələndə öz ardıcıllarını xilas edəcəklərinə söz verən liderlərə şahid olub. Onların əksəriyyəti Roç Theriault kimi bütün dünya haqqında danışan kor-koranə inancları, məcburiyyətləri və əxlaqsız hərəkətləri ilə məşhur idi. 1970-ci illərin əvvəllərindən 1980-ci illərin sonuna qədər qurduğu “Ant Hill Kids” kultunun lideri Roç Theriault öz ardıcıllarını cinsi təcavüz, şikəstetmə və qətl də daxil olmaqla saysız-hesabsız işgəncələrə məruz qoyub. Bu dəhşətli adamın “din” pərdəsi altında etdiklərini eşidənlər isə heyrətə gəlib.

Roç Theriault 16 may 1947-ci ildə Kanadanın Kvebek şəhərində 7 uşaqlı ailədə anadan olub. O, daim ailəsinin katolik olmasından və dinə etiqad etmə tərzindən şikayətlənirdi. Lakin bu şikayət onu sonrakı illərdə başqa alternativlər tapmağa sövq etdi. Özünü dərk etməyə başladığı ilk gündən problemlər yaşayan, həddindən artıq hərəkətləri ilə diqqət çəkən uşaq idi. Theriault daha sonra atası tərəfindən zorakılığa məruz qaldığını iddia etsə də, heç bir sui-istifadə sübutu tapılmadı.

Problemli ibtidai məktəb dövründən keçdikdən sonra, Roç Theriault erkən yaşda məktəbi tərk etdi və həyatını “Əhdi-Ətiq”i öyrənməyə həsr etdi. Yeniyetməlik illərində o, 1979-cu ildə nəyinsə baş verəcəyi barədə fikir formalaşdırmışdı. O günə qədər etdiyi araşdırmalar və ağlından çıxa bilmədiyi fikirlər onu bir nöqtəyə gətirib çıxardı. O, kor-koranə inanırdı ki, apokalipsis dünyanı məhv edəcək, çünki xeyir və şər qüvvələr arasında kosmik münaqişə baş verir. İldən-ilə o, dostlarına və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirərək şiddət göstərirdi. Bu problemlərə alkoqol asılılığı da əlavə edildi.

Theriault getdikcə daha da özünü itirirdi. Artıq nə düşüncələrinə, nə də hərəkətlərinə hakim ola bilmirdi. Və nəhayət, “Moise” təxəllüsündən istifadə edərək özünü peyğəmbər elan etdi. 1977-ci ildə o, Yeddinci Gün Adventist Kilsəsinin inanclarına əsaslanan apokaliptik kult olan “The Ant Hill Kids”i qurdu. O, bəşəriyyətin “qarışqa yuvasındakı qarışqalar kimi” birlikdə işləmək arzusuna əsaslanaraq, kultunu The Ant Hill Kids” (Qarışqa təpəsinin uşaqları) adlandırdı. Bu kult Kvebekin Somerville qraflığındakı səhranın dərinliklərində uzaq bir ərazidə fəaliyyətə başladı.

Qısa müddətdə özünə inanan bir çox insanı ətrafına toplayan Roç Theriault, “Ant Hill Kids”dəki davamçılarını həyatlarını tərk etməyə və onun dini hərəkatına qoşulmağa, bütün mallarını satmağa, ailə bağlarını pozmağa və onunla birlikdə yaşamağa inandırdı. Theriaultun əsas məqsədi insanların onun təlimlərinə qulaq asa biləcəyi və sərbəst yaşaya biləcəyi bir kommuna yaratmaq idi.

Theriaultun güclü idarəçiliyi və inandırmaq qabiliyyəti sayəsində ardıcıllar 1979-cu ilin fevralında baş verəcəyinə inandıqları yaxınlaşan apokalipsisə hazırlaşmağa başladılar. Liderləri xarici aləmlə çox təmas qurmağa imkan vermirdi, ancaq həyatlarını maliyyələşdirmək üçün çörək və tort kimi məhsullar hazırlayıb satırdılar.

İşlər yolundan çıxdı, Theriault daha azğın tərəfini gizlədə bilmədi. O, qrupundakı qadınlara onunla cinsi əlaqədə olmağı əmr etdi. Onun məzhəbindəki bütün qadınlar onun arvadları, qadınların dünyaya gətirdiyi 26 uşaq isə öz övladları idi. Hansı yöndən baxsan, ağlasığmaz olan bu hadisə yalnız başlanğıc idi.

İnsanlar nəyinsə düzgün olmadığını anlayıb getmək istədiklərini deyəndə şiddətə məruz qalırdılar. Qrupdan çıxmaq istəyən hər kəsi dəri kəmərlə və ya çəkiclə döyürdülər. Zaman keçdikcə, Theriaultun sui-istifadəsi getdikcə daha pis və xəstə oldu. O, ona tabe olmayan ardıcıllarını balyozla öz ayaqlarını sındırmağa, isti sobada oturmağa, ölü siçanları və öz nəcisini yeməyə, kiçik uşaqları mismarla ağaclara asmağa, hətta bir-birini güllələməyə məcbur edirdi. Bu işgəncələrdən sonra təslim olanlara sadiqliklərini sübut etmək üçün bir-birlərinin ayaq barmaqlarını kəsmələrini əmr etdi. Theriaultun əsirliyində olan böyüklər və uşaqlar üçün dişlərin və hətta əzaların kəsilməsi gündəlik həyatın bir hissəsinə çevrildi.

Theriault sərhədlərini daha da genişləndirdi. Fiziki və psixoloji işgəncələr öz yerini təhlükəli cərrahi əməliyyatlara verdi. Bir gün kult üzvü Solanj Boilard mədə xəstəliyindən şikayət etdikdən sonra Theriault heç bir təcrübəsi və bacarığı olmadan və hətta anesteziya tətbiq etmədən Boilardın qarnını kəsdi. Qadını əvvəlcə ağrılı və təhlükəli lavmana məruz qoyan Theriault, daha sonra yalın əlləri ilə qadının bağırsaqlarını hərəkət etdirməyə çalışıb. Boilard bu hadisədən sonra dünyasını dəyişib.

Aylar bir-birini qovdu. Meşənin dərinliklərində yaşayan bu təriqət üzvləri artıq Theriaultdan qorxurdular və üstəlik, onun azğın hərəkətlərinə dözə bilmirdilər. Təxminən 40 nəfərlik təriqətdə bəziləri qurtuluşun mümkün olmadığını anlayıb intihar etdi, bəziləri isə günlərlə işgəncələrə məruz qaldı. Ancaq bir gün cinsi orqanı yandırılan, səkkiz dişi çıxarılan, döşləri kəsilən Qabrielle adlı üzv həmin işgəncə evindən qaça bildi. Lakin o, çöldə yaşaya bilməyəcəyinə qərar verdi və tezliklə geri qayıtdı.

Geri qayıdanda Terionun göstərişi ilə onun barmaqlarından biri kəsildi və əli ov bıçağı ilə masaya sancıldı. Qabrielle səhv etdiyini və ikinci dəfə qaçdığını başa düşdükdən sonra hüquq-mühafizə orqanları hər şeydən xəbərdar oldu. 1989-cu ildə Theriault nəhayət həbs olundu. Sırf Qabrielleyə etdiyinə görə 12 il həbs cəzası aldı. Hakimiyyət istintaqı dərinləşdirdikcə, onun cəzası artdı. O, sonuncu dəfə 1993-cü ildə Solanjın qətlini etiraf edib və ömürlük həbs cəzasına məhkum edilib.

2010-cu ildə o, 67 yaşında həbsxanada bir məhbus tərəfindən öldürüldü. Qatil Metyu Makdonald cinayətini etiraf edərkən bel ədeyib: “Bu pislik artıq yoxdur. Bıçaq budur, mən onu tikə-tikə doğradım”.

Xəbər lenti