IMG-LOGO

Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 707 milyon manat güzəştli kredit alıb

10 Apr 2026 12:27 2 baxış
IMG

Bu il aprelin 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 707,3 milyon manat kredit verilib, bunun 23,2 milyon manatı 2026-cı ilin I rübünün payına düşüb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fondun sahibkarlıq kreditləri üzrə hesabladığı faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8 %, bir sahibkara ayrılan kreditin məbləği isə 30 min manatdan 5 milyon manata qədər təşkil edib.

Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6 000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Eyni zamanda, ölkə Prezidentinin 24 avqust 2022-ci il tarixli fərmanına əsasən, qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılması məqsədilə sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb və iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmləri uğurla tətbiq edilməkdədir. Portfel təminatı mexanizmi çərçivəsində indiyədək 426 sahibkarın aldığı 7,1 milyon manat kreditə 5,3 milyon manat, 2026-cı ilin I rübündə isə 62 sahibkarın 1,6 milyon manat kreditləri üzrə 1,2 milyon manat zəmanət verilib. İstiqraz emissiyası üzrə öhdəliklərin təmin edilməsi mexanizmi çərçivəsində ümumilikdə 10 milyon manatlıq istiqraz buraxılışına 6 milyon manat məbləğində zəmanət təqdim edilib.

Xəbər lenti