IMG-LOGO

Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb

10 Apr 2026 11:41 2 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının lisenziyasının qüvvəsini məhdudlaşdırdığı "Atasığorta" ASC istisna olmaqla ölkədə fəaliyyət göstərən 15 sığorta şirkətinin 2025-ci ildə məcmu gəlirləri 1 milyard 520,582 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 12,6 % çoxdur.

Ötən il sığortaçıların məcmu xərcləri isə əvvəlki ilə nisbətən 15,1 % artaraq 1 milyard 340,461 milyon manat olub. Şirkətlərdən 13-nün gəlirləri, 6-nın isə xərcləri artıb.

2025-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 180,121 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 2,5 % azdır. 10 şirkətdə maliyyə mənfəəti artıb, 4 şirkətdə azalıb, əvvəlki il maliyyə mənfəəti əldə etmiş 1 şirkət isə ötən il maliyyə zərəri ilə üzləşib.

2025-ci ildə sığorta şirkətləri 37,147 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2024-cü ilə nisbətən 13,4 % çoxdur. 15 şirkətdən 8-i vergi ödənişlərini artırıb, 6-sı vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 1 şirkət ötən il vergi ödəyib.

2025-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 142,974 milyon manat olub. Bu da 2024-cü illə müqayisədə 6 % azdır. Ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini artırıb, maliyyə mənfəəti azalmış 4 şirkətin həm də xalis mənfəəti azalıb, əvvəlki ildən mənfəətlə çıxmış 1 şirkət isə ötən ili zərərlə başa vurub.

Xəbər lenti