IMG-LOGO

Azərbaycan və Yaponiya bankçılıq sektorunda əməkdaşlığı genişləndirilməsini müzakirə edib

09 Apr 2026 19:30 2 baxış
IMG

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti beynəlxalq təcrübə mübadiləsi proqramları çərçivəsində Yaponiyaya işgüzar səfər həyata keçirib.

"Report" xəbər verir ki, səfər çərçivəsində ilk olaraq ABA-nın nümayəndə heyətinin Yaponiya Banklar Assosiasiyası (Japanese Bankers Association – JBA) ilə görüşü keçirilib.

Görüşdə ABA nümayəndə heyəti JBA rəhbərliyi və əlaqədar qurumların ekspertləri ilə bir araya gəlib.

Görüşdə ABA-nı prezident Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, Azərbaycan Mərkəzi Bankının, ölkənin aparıcı banklarının və Azərbaycan Kredit Bürosunun nümayəndələri təmsil ediblər.

Yapon tərəfini isə JBA-nın sədr müavini və baş icraçı direktoru Yasuyuki Matsumoto və onun heyəti - Masayuki Saegusa, Yoji Oki, Ayako Suwa və Reo Takizawa təmsil ediblər.

Görüş çərçivəsində Y. Matsumoto Yaponiya bank sistemi, ölkənin makroiqtisadi vəziyyəti, ödəniş infrastrukturu və rəqəmsal bankçılığın inkişaf istiqamətləri barədə məlumat verib.

ABA nümayəndə heyəti isə Azərbaycan bank sektorunda rəqəmsallaşma prosesləri, ödəniş sistemlərinin genişləndirilməsi, maliyyə və bank sahəsində aparılan islahatlar və mövcud tənzimləmə çərçivəsi barədə qarşı tərəfi məlumatlandırıb.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin "The Japanese Banks" Payment Clearing Network", "Cooperation Agency for Anti-Money Laundering", "Mizuho Bank", "Money Forward, Inc.", eləcə də Yaponiya Mərkəzi Bankı ilə bir sıra yüksək səviyyəli işgüzar görüşlərdə iştirak edib.

Görüşlər zamanı tərəflər bankçılıq sektorunda qabaqcıl beynəlxalq təcrübələr, rəqəmsal aktivlər, süni intellekt texnologiyalarının maliyyə sektorunda tətbiqi, eləcə də maliyyə əməliyyatlarının şəffaflığının artırılması istiqamətində geniş fikir mübadiləsi aparıblar.

"Səfər çərçivəsində əldə olunan nəticələr Azərbaycan və Yaponiya bankçılıq sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi və institusional inkişafın dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - məlumatda deyilir.

Xəbər lenti