Azərbaycan və Özbəkistan ardıcıl olaraq vahid siyasi xətt yürüdür və Türk dünyası çərçivəsində qardaşlıq münasibətlərini inkişaf etdirir.
"Report"un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda bildirib.
O, iki xalqın yaxınlaşmasının əhəmiyyətini və dövlət başçılarının bu prosesdəki xüsusi rolunu vurğulayıb. "Prezidentimiz (İlham Əliyev – red.) deyir ki, biz hamımız vahid Türk ailəsinin üzvləriyik. Və bu birliyin uğurları məni ürəkdən sevindirir", - Anar bildirib.
Xalq yazıçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin hörmət bəsləməsinin üç əsas amilini qeyd edib. Onun fikrincə, bu amillərdən birincisi Türk dünyasına inteqrasiyasındakı roldur: "O, Özbəkistanı Türk dünyasına qaytardı. Türk birliyini onun dayağı olan Özbəkistansız təsəvvür etmək çətindir və bu gün ölkə Türk ailəsində layiqli yer tutur".
O, ikinci səbəb kimi davamlı dövlətlərarası münasibətləri qeyd edib: "Özbəkistan həmişə Azərbaycanı dəstəkləyir. Prezidentlərimiz dostluq edir və iki qardaş xalq eyni siyasi xətt yürüdür".
Anarın sözlərinə görə, üçüncü amil Özbəkistan Prezidentinin Yazıçılar Birliyinə və kitabların, o cümlədən qardaş Türk xalqlarının əsərlərinin nəşrinə göstərdiyi diqqətdir. "Mənim kitablarım da nəşr olunur, buna görə minnətdaram", - o əlavə edib.