Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta Madriddə danışıqlar aparıblar və bu zaman Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsi, eləcə də Rusiya və ABŞ-nin iştirakı ilə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlara hazırlıq məsələlərinə toxunublar.
"Report" xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, tərəflər 2026-cı ilin sonunadək bütün danışıqlar klasterləri üzrə işlərin başa çatdırılması və ardınca növbəti ildə danışıqlar fəsillərinin bağlanmasına keçilməsi imkanını müzakirə ediblər, bu da Ukraynanın Avropa İttifaqına qoşulması prosesini sürətləndirməyə imkan verəcək.
Bundan başqa, Zelenski və Koşta Ukrayna tərəfinin Avropaya inteqrasiyasının sürətləndirilməsinə kömək edə biləcək yeni təkliflərini nəzərdən keçiriblər. Ukrayna Prezidenti qeyd edib ki, Koşta bu ideyaları Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə müzakirə etmək niyyətindədir.
"Təbii ki, Əbu-Dabidəki üçtərəfli görüşə hazırlıq və prioritetlərimiz barədə danışdıq. Mən ona dünən ABŞ tərəfi ilə olan söhbət barədə məlumat verdim", - o yazıb.
Ukrayna Prezidenti vurğulayıb ki, Avropa təhlükəsizlik zəmanətləri və ölkənin iqtisadi bərpası məsələləri üzrə danışıqlarda iştirak etməlidir. Onun sözlərinə görə, Koşta Kiyevin bu mövqeyini dəstəkləyir.
Mənbə: report.az