İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Bakıdakı nümayəndəliyi vasitəsilə regionun ölkələri ilə əməkdaşlığı gücləndirir.
"Report"un Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ICESCO-nun tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda bildirib.
"Bakıdakı regional ofisimiz 2025-ci ilin aprelində açılıb və hazırda tam şəkildə fəaliyyət göstərir. O, Özbəkistan da daxil olmaqla Mərkəzi Asiyanı əhatə edir və təhsil, elm, mədəniyyət və irs sahələrində milli tərəfdaşlarla sıx əməkdaşlıq edərək, İslam dünyasının bu regionunun layiq olduğu davamlı regional əməkdaşlıq üçün əlaqələndirmə mərkəzi rolunu oynayır", - o deyib.
A.Kərimovun sözlərinə görə, bütün bunlar aydın strateji kursun nəticəsidir: "Mərkəzi Asiya və Qafqaz İslam sivilizasiyasının tarixi keçmişini məhz bu regionda formalaşan gələcəyi ilə birləşdirir".
ICESCO-nun nümayəndəsi diqqəti ona çəkib ki, təşkilatın Özbəkistanla əməkdaşlığı son illərdə konkret praktik məzmun kəsb edib. Xüsusilə, mədəni irs və elm sahəsində birgə təşəbbüslər həyata keçirilir.
O, İslam Sivilizasiyası Mərkəzinin açılışını xüsusilə vurğulayaraq, bunu təkcə Özbəkistan üçün deyil, bütövlükdə bütün İslam dünyası üçün əhəmiyyətli mərhələ kimi xarakterizə edib: "Bu, İslam sivilizasiyasını bütün müxtəlifliyi ilə öyrənmək, qorumaq və təbliğ etmək missiyası daşıyan bir qurumdur".