Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Avropa Komissiyasının (AK) genişlənmə hesabatındakı faktiki qeyri-dəqiqliklərin, eləcə də yanlış qiymətləndirmələrin anti-Gürcüstan narrativlərini gücləndirdiyini bildirib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanıb ki, Avropa Komissiyasının hesabatında xalqın böyük əksəriyyətinin səsverməsi ilə seçilmiş hökumətin dövlət idarəçiliyinin "dövlətin ələ keçirilməsi" kimi təqdim edilməsi qəbuledilməzdir. Nazirliyin mövqeyinə görə, seçilmiş hökumətin dövlət və seçiciləri qarşısında məsuliyyət daşıması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir.
Nazirlik hesab edir ki, hesabat dövründə Aİ tərəfinin Gürcüstanla Assosiasiya Sazişində nəzərdə tutulan formatlarda heç bir səviyyədə görüş keçirməməsi ölkədəki irəliləyişin obyektiv qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb. Bəyanatda bu vəziyyət 27 iyun 2024-cü il tarixli Avropa Şurası qərarları ilə əsaslandırılan dialoqun dayandırılması ilə əlaqələndirilib.
Gürcüstan XİN-i hesabatın faktiki qeyri-dəqiqlikləri və yanlış qiymətləndirmələri ilə anti-Gürcüstan narrativlərinin güclənməsinə şərait yaratmasından narahatlığını ifadə edib. Bildirilib ki, bu yanaşma Aİ ilə Gürcüstan arasında konstruktiv əməkdaşlıq və dialoq imkanlarını daraldır.
Bəyanatda, həmçinin hesabatın hüquqi məsələləri siyasiləşdirməyə, qanunun aliliyi prinsipini zəiflətməyə və Gürcüstanın daxili işlərinə müdaxiləyə şərait yaratdığı iddia olunub.
Xarici İşlər Nazirliyi Gürcüstan siyasətçilərinin müxtəlif aktorların ölkəyə qarşı hərəkətlərinə cavab olaraq səsləndirdikləri bəyanatların "düşmənçilik ritorikası" kimi qiymətləndirilməsini də ifadə azadlığı prinsipinə zidd hesab edib.
Nazirlik bildirib ki, Gürcüstan tərəfi hesabatı ətraflı araşdıracaq və Avropa Komissiyasına əsaslandırılmış şərhlər təqdim edəcək.
Bəyanatın sonunda Gürcüstan hökumətinin Avropa İttifaqı ilə qarşılıqlı hörmət prinsipi əsasında açıq və konstruktiv dialoqa hazır olduğu bir daha vurğulanıb.
Qeyd edək ki, Avropa Komissiyası 4 noyabr 2026-cı ildə genişlənmə siyasəti ilə bağlı birgə məlumat yayıb. Sənəddə Gürcüstan da daxil olmaqla, namizəd və potensial namizəd ölkələrin Avropa İttifaqına üzvlük istiqamətində səyləri qiymətləndirilib.
Mənbə: report.az