IMG-LOGO

KXDR Yapon dənizi istiqamətində yenidən buraxılış həyata keçirib

08 Apr 2026 06:45 2 baxış
IMG

Şimali Koreya çərşənbə günü Yapon dənizi istiqamətində ən azı bir naməlum mərmi buraxılışı həyata keçirib.

"Report" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, son iki gün ərzində artıq ikinci belə buraxılışdır. Ötən gün Şimali Koreya hərbçiləri Pxenyan bölgəsindən naməlum mərmi buraxılışı həyata keçiriblər. Cənubi Koreya tərəfinin məlumatına görə, həmin obyekt startdan qısa müddət sonra radarlardan itib ki, bu da ehtimal olaraq buraxılışın uğursuz olduğuna dəlalət edir.

Növbəti buraxılışlar Cənubi Koreya Prezidenti Li Çje Myonun özəl şəxslər tərəfindən Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisinə göndərilən pilotsuz uçuş aparatlarının (PUA) ilə bağlı təəssüfünü bildirdiyi son bəyanatları fonunda baş verib. Nazirlər Kabinetinin iclasında o qeyd edib ki, bu cür hərəkətlər Pxenyanla münasibətlərdə yalnız gərəksiz hərbi gərginlik yaradır.

Cənubi Koreya liderinin bu fikirləri ötən həftə prokurorluğun sentyabrdan yanvaradək olan dövrdə Şimali Koreya istiqamətində pilotsuz uçuş aparatlarının buraxılması işi üzrə üç nəfərə qarşı ittiham irəli sürməsindən sonra səslənib.

Linin bəyanatından bir neçə saat sonra KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjon öz bəyanatında qeyd edib ki, Şimali Koreya lideri Cənubi Koreya Prezidentini səmimi və dünyagörüşlü bir insan kimi qiymətləndirib.

Eyni zamanda, Kim Yo Çjon Seulu Pxenyanda təxribat kimi qiymətləndirilə biləcək gələcək addımlardan çəkindirib və yalnız sülh və təhlükəsizlik ritorikası ilə kifayətlənərək, təmas qurmaq cəhdlərindən çəkinməyə çağırıb.

KXDR-in Yapon dənizi istiqamətində əvvəlki ballistik raket buraxılışı martın 14-də Cənubi Koreya və ABŞ-nin hər il keçirilən birgə yaz təlimləri dövründə qeydə alınıb. Növbəti gün Şimali Koreyanın dövlət mediası 600 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin tətbiqi ilə təlimlərin keçirildiyi barədə məlumat yayıb.

Xəbər lenti