Böyük Britaniya çərşənbə axşamı, 7 apreldə Hörmüz boğazında hərbi əməliyyatların bitməsindən sonra təhlükəsizliyin təminatı variantlarını müzakirə etmək üçün 40 ölkədən hərbi ekspertlərin iştirakı ilə görüş keçirəcək.
"Report"un xəbərinə görə, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş videokonfrans vasitəsilə keçiriləcək. Görüşdə martda İranı "təhdidləri, minalar quraşdırması, pilotsuz təyyarələr və raket hücumlarını, Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün bağlamaq cəhdlərini dərhal dayandırmağa" çağırmış birgə bəyanat imzalayan ölkələrin nümayəndələri iştirak edəcək.
Sənədi əvvəlcə Böyük Britaniya, İtaliya, Niderland, Fransa, Almaniya və Yaponiya liderləri imzalayıb. Daha sonra onlara Avstraliya, Bəhreyn, Dominikan Respublikası, Kanada, Yeni Zelandiya, Panama, Trinidad və Tobaqo, BƏƏ və Koreya Respublikası da daxil olmaqla 30-dan çox ölkə qoşulub.
Qeyd olunur ki, həmin ölkələr əvvəllər Hörmüz boğazı ətrafındakı vəziyyətə həsr olunmuş təhlükəsizlik konfransında xarici işlər nazirləri səviyyəsində iştirak ediblər. Görüş 2 apreldə Londonun təşəbbüsü ilə onlayn keçirilib.
"Financial Times" qəzetinin məlumatına görə, qarşıdan gələn görüşdə Britaniyanın yüksək vəzifəli hərbi rəsmisi açılış nitqi söyləyəcək və görüş London yaxınlığındakı Nortvud hərbi bazasından əlaqələndiriləcək.
Nəşr bildirib ki, hərbi dəniz koalisiyasının yaradılması iştirakçı ölkələrin hərbi imkanlarındakı fərqlər səbəbindən çətinləşir. Xüsusilə, bəzi dövlətlər minaaxtaran gəmilər təmin etməyə hazırdırlar, lakin onların qorunması üçün freqatlar təmin etmirlər. Bununla yanaşı, koalisiyanın NATO missiyası kimi fəaliyyət göstərməyəcəyi və ittifaqdan kənar ölkələri də əhatə edəcəyi ehtimal olunur.